Bir dəli qardaşım var. Əslində, o mənada dəli deyil! Nadincdir sadəcə... Amma çox nadincdir. Üstəlik fiziki cəhətdən yaxşıdır. Belə yerdə deyirlər, Allah ağlından alıb, qoluna verib. Üstəlik fəhlə işləyir. Daş-kəsəklə o qədər uğraşır ki, əzələləri dəmir kimidir.
Di gəl, indiki aciz fəhlələrdən deyil. Sovet fəhləsi demək olar ona. Haqqını bir kimsədə qoymaz. Çətinə düşdümü, yumruqlarını işə salmaqdan çəkinməz. Elə ərklə və elə ürəklə meydana düşər ki, sanarsan, haradasa uzaqlarda bunun arxasında duran fəhlə-kəndli ölkəsi var! Üstəlik həmin ölkə nüvə silahını zənginləşdirib, qurtarıb. Yəni, kapitalizmə meydan oxuya bilər... Mərhum Əli Kərim onu tanısa, yüz faiz bir şeir həsr edərdi. Əlləri cəsur və hünərli – filan...
İki il öncə Nərimanovda acgöz bir tikinti briqadiri onları işlədib pul-parasını verməyib. Xahiş ediblər, hədələyiblər, yalvarıblar, ağsaqqal göndəriblər, “vorzakon” çağırıblar, alınmayıb. Axırda qardaşım sözü verib yumruqlarına. Buna bir-iki yağlı dımbız ilişdirəndən sonra tikinti məntəqəsindəki televizorunu əlindən alıb ki, bu da olsun girov! Əmək haqqımızı verənəcən get gözükölgəli hərlən adamların arasında. Briqadir gözünə döndüyüm də, qaçıb polisə. Bəs nə?! Dağ başıdırmı burası?! Qanuna qalsa, ondan heç bir fəhlə pul-para tələb edə bilməz. Çünki ortalıqla bunu isbat edən sənəd yoxdur.
Xülasə, briqadir ərzi-hal yazıb ki, filankəs gəldi, məni döydü, televizorumu alıb apardı, altında da 10 min dollar pul...
Əməllicə işə düşmüşdük...
Təzədən biz həmin briqadirə yalvarçı düşdük. Dedik, televizorunu da qaytarırıq, üstəlik ayrı bir televizor da alırıq, gəl, barışıq ver.
...Bu yaxınlarda yenə həmin dəli qardaşımın bir davasına görə rayona getdim. Yenə kiminləsə savaşıb. Yenə polad kimi əllərini işə salıb. Yenə şikayət, yenə barışmaq üçün yalvarış...
Budəfəki şikayətçiylə kənddə qonşu olmuşduq. Döyülən onun oğlu idi. Nə qədər ağsaqqal-ağbirçək işə qarışsa, ortaq qohumlar yalvarçı düşsə də barışıq vermirdi. Abasqulu bəy demiş, işə mən də qarışmalı oldum. Bizim camaat yazı-pozu əhlini çox istəyir. Lirik insanlarımız var.
Getdim...
Adam məni görəndə bir az yumşaldı. Situasiyadan ustalıqla istifadə etdim. Dedim, Allah anana rəhmət eləsin, yaxşı qadın idi. Yadında olar, yazıq arvad, sizin o çal eşşəyi necə çox istəyirdi. Evlərimizlə üzbəüz ardıclıqda hörükləyirdi həmişə. And olsun Allahın birliyinə, bəlkə də yüz dəfə balaca, totuq əllərimlə (o vaxt uşaq idim – müəllif) o eşşəyin ardıca dolaşan ipini açmışam. Barmaqlarıma nə qədər tikan batıb, əl-ayağımı kollar cızıb. Sən kənddə olurdun ki? Gah əsgərlidə, gah oxumaqda... Ananın ən adi buyruqlarına da mən qaçırdım. Ən çox da, Əli kişinin eşşəyi qaçıb sizin eşşəyi hörükdə boğanda... Of! Of! Anan rəhmətlik çıxıb batıq səsiylə zor-güc haray-həşir salırdı. Bax onda bu dəli qardaşım məndən əvvəl qaçıb Əli kişinin eşşəyini daşa basır, sizin yazıq heyvancığazı onun əlindən alırdı. Bəzən, bir gündə 10 dəfə təkrar olurdu bu hadisə. Nə yorulurduq, nə usanırdıq! Qan-tərin içində, bəzən yaralanmış halda burnumuzu qolumuzu silə-silə evə qayıdırdıq. Bu səfər də anam bizi qovarağa alırdı: “Köppəyuşağı, indicə geyindirdim o paltarı əyninizə!”
Azacıq susub müdrik səslə əlavə etdim: “Bu boyda xətir-hörmətdən keçmək olar?”
İnanın, həmsöhbətimin gözləri yaşardı. Dedi, hamısı qurban olsun sənə. Sən bizim fəxrimizsən!
Məni ərklə sinəsinə sıxıb əlini kürəyimə çırpdı.
Bu yerdə keçmiş qonşuma heç zaman danışmayacağım bir xatirə də yadıma düşdü. Demək, onun yaşlı və kimsəsiz anası əziyyətlə paltar yuyub sərmişdi. Biz də, bildiyiniz kimi, məhəllənin ən nadinc uşaqları... Həmin dəli qardaşımla paltar asılan məftili gizlicə açıb qaçdıq, suda ağırlaşan paltar şıppıltıyla palçığın içinə töküldü...
Belə.
Həyat qəribədir...