Bakıda Qara Dəniz Yayım Tənzimləyici Orqanları Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) 5-ci illik iclası keçirilir.
APA-nın məlumatına görə, forumda "Yeni media" mövzusuna yenidən baxış keçiriləcək, "Media maarifləndirilməsi" mövzusunda fikir mübadiləsi aparılacaq.
Tədbirdə çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib ki, bu ildən Azərbaycan bu quruma rəhbərlik edəcək: "Forumda əsasən media maarifləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi olacaq. İndiki dövrdə medianın rolu getdikcə daha da artır. Həm cəmiyyətin, həm də dövlətin qarşısında medianın məsuliyyəti artdıqca medianı tənzimləyən orqanların da məsuliyyəti artır. Bizim həm ikitərəfli, həm çoxtərəfli, həm də beynəlxalq formatda görüşlərə ehtiyacımız var. Bir-birimizdən öyrəniləsi çox şeylər var. Buna görə də biz bu cür müzakirələri mütəmadi olaraq aparırıq. Hesab edirəm ki, bu görüşdə medianın maarifləndirilməsi ilə bağlı edilən müzakirələr bizə gələcək işlərimizdə köməklik edəcək".
Şura sədri əlavə edib ki, forumun əsas məqsədi ölkələr arasında təcrübə mübadiləsi aparmaq, mövcud problemləri dialoq şəklində həll etməkdən ibarətdir: "Hər hansı ölkənin başqa ölkələr qarşısında öhdəliyi yoxdur. Sadəcə, biz əlaqələrimizi koordinasiya edir və fikir mübadiləsi aparırıq və mövcud problemləri həll etməyə çalışırıq".
Daha sonra çıxış edən Prezident Administrasiyasının ictimai - siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev də forumun əhəmiyyətindən danışıb.
Ə. Mehdiyev bildirib ki, Azərbaycan son illərdə müxtəlif sahələrdə, o cümlədən elektron media sahəsində xeyli irəliləyiş əldə edib: "Bu sahədə yeni dünya təcrübəsinin müxtəlif nailiyyətləri tətbiq olunur. Yeni texnologiyalardan istifadə olunur, təcrübə mübadiləsi aparılır. Təbii ki, bugünkü toplantıda da fikir mübadiləsinin aparılması həm elektron medianın inkişafına öz töhfəsini verəcək, həm də ölkələrimiz arasında ümumi münasibətlərin inkişafına təkan göstərəcək".
Daha sonra BRAF-ın baş katibi Hamit Ersoy, BSEC (Black Sea Economic Cooperation) baş katibinin müavini Trayan Çebeleu çıxış edib.
Forum öz işini bu gün yekunlaşdıracaq.
Qeyd edək ki, BSEC (Black Sea Economic Cooperation) üzv dövlətlərinin yayım tənzimləyici orqanları 2008-ci ildə BSEC-in İstanbuldakı Baş qərargahında toplanıb və Qara Dəniz Yayım Tənzimləyici Orqanların Forumunun (Black Sea Regulatory Authorities Forum – BRAF) yaradılmasını elan edən Birgə Deklarasiya qəbul edilib. Üzv dövlətlərin nümayəndələri gələcək əməkdaşlıq və yayım sektorunda əsas məsələlərin müzakirəsi məqsədilə BRAF hər il bir üzvünün dəvəti ilə illik iclasını keçirir. BRAF-ın Daimi Katibliyi Türkiyənin Ankara şəhərində RTÜK binasında yerləşir.