Hazırda Azərbaycanda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir.
Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) Aparatının əmək pensiyaları şöbəsinin müdiri Elşən Məmmədəliyev oktyabrın 10-da media nümayəndələri ilə görüş keçirib. O bildirib ki, ölkə üzrə əmək pensiyaçılarının sayı 2014-cü il 1 oktyabr tarixinə 1286,2 min nəfər təşkil edib və ilin əvvəli ilə müqayisədə 9,1 min nəfər və ya 0,7 faiz artıb. Pensiyaçıların 782581 nəfərini və ya 60,9 %-ni yaşa görə, 363181 nəfərini və ya 28,2 %-ni əlilliyə görə, 140425 nəfərini və ya 10,9 %-ni isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.
Bu il oktyabrın 1-i tarixinə əmək pensiyalarının orta aylıq məbləği 172,9 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 191,5 manat təşkil edib. Hazırda yaşa görə əmək pensiyalarının orta aylıq məbləği ölkə üzrə orta aylıq əmək haqqının 43,4 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərini tam cavablandırır.
DSMF tərəfindən pensiyaçılar, sığortaedənlər və sığortaolunanlar üçün nəzərdə tutulan əsas xidmətlər elektronlaşdırılıb. Bu ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökumət” portalı (www.e-gov.az), vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.