Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclasında iştirak edib.
Bu barədə Lent.az-a Fonddan məlumat verilib. İclasda BSTA-nın məqsədlərinə və 2014-2016-cı illər üçün fəaliyyət planına uyğun olaraq Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iş planının hazırlanması, regional fəaliyyət istiqamətlərinin səmərəli reallaşdırılması məqsədilə məlumatlandırma işinin təşkili, Avropanın beş subregionunu əhatə edən vahid Avropa Şəbəkəsinin formalaşdırılması ilə əlaqədar məsələlər müzakirə olunub.
Avropa Şəbəkəsi Rəhbər Komitəsinin iclası çərçivəsində E. Mehdiyev həmçinin BSTA-nın baş katibi Hans-Horst Konkolevski, Avropa Şəbəkəsi Rəhbər Komitəsinin sədri, Polşa Sosial Sığorta İnstitutunun rəhbəri Zbigniev Derdziuk, habelə Rəhbər Komitənin üzvü olan bir sıra digər Avropa ölkələrinin nümayəndələri ilə ikitərəfli görüşlər keçirərək qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə edib.
Qeyd edək ki, 2004-cü ildə Azərbaycan BSTA-nın büro üzvü, 2007-ci ildə Assosiasiyanın Avropa Şəbəkəsi Rəhbər Komitəsinin üzvü, 2013-cü ildə isə Rəhbər Komitənin növbəti dəfə üzvü seçilib. 2011-ci ilin iyun ayında isə Bakı şəhərində BSTA-nın Avrasiya regionu üzrə Əlaqələndirmə Mərkəzi açılıb.
Azərbaycan Assosiasiya çərçivəsində yüksək səviyyədə müvafiq qərarların qəbul edilməsində xüsusi rola malikdir.