Ehsan dəbdəbəsi ilə bağlı son qadağalar heç vaxt unutmadığım bir hadisəni yadıma saldı. Əslində yadıma salmadı. Çünki mən o hadisəni heç vaxt unutmamışam. Sadəcə yaddaşımda daha da dirildi bu əhvalat.
Ağcabədi rayonunun mərkəzindəki məşhur apteklərdən birinə gedirdik. Həmin aptek üçün yaxın bir dostum Bakıdan dərman preparatları gətirirdi... Biz aptekə yenicə daxil olmuşduq ki, ikimizin də uşaqlıq dostu (adı Namiq) həyəcanla içəri girdi. Qaçqınlığın ilk illəri idi və Namiqi kənddən sonra görməmişdim. O, üzümüzə baxıb dodaqları əsə-əsə pıçıldadı: “Atam öldü!”
Aptekin ortasına qurğuşun ağırlığında sükut çökdü. Handan-hana bəlli oldu ki, Namiqi dəfn ləvazimatı almaq üçün rayona göndəriblər. O, evin tək oğlu idi. Pambıq becərmək üçün ailəlikcə Ağcabədinin varlı kəndlərinin birində məskunlaşmışdılar. O vaxt aztəminatlı ailələrin aclıqdan yeganə xilas yolu bu idi.
Aptekin tanış satıcısı dəfn üçün lazım olanları sellofana yığıb vitrinə qoyanda Namiq arıq əllərini tələsik cibinə soxdu. O vaxt atası ölən gənci olduqca miskin göstərəcək həddə az olan əzik-üzük əskinazları çıxardı, bir-ikisi də əlindən yerə düşdü. Bəli, kasıblığın əsas atributlarından biri də pulun cibdə əzik-üzük, kirli və dağınıq olmasıdır...
Dərman alveri edən dostum satıcıya göz vurdu, Namiqin qoluna girib onu aptekdən çıxardı. Birlikdə başa saldıq ki, aptekin pulunu verməyə tələsməsin. Ona indən belə xeyli pul lazım olacaq. Qarşıda qəbir qazmaq var, molla var, yuyat var, axşam ən azı dəfndə əziyyət çəkənlər üçün süfrə açılmalıdır. Üçə-yeddiyə isə yas mağarı, ehsan süfrəsi və s. İnanıram, həmin anda Namiq onu azyaşlı bacıları ilə birgə qohum-qardaşdan uzaq ucqar bir kənd qulağında kimsəsiz qoyub getdiyi üçün atasını şiddətlə qınadı da. Amma olan-olmuşdu...
Tərs kimi bizim camaatın əsas hissəsi dağda idi. Onlar yaylağa çıxmışdı demək doğru olmazdı. Sadəcə istinin əlindən ikinci dəfə cəlayi-vətən olmuşdular.
Namiqgil qalan kəndin iş qabiliyyətli sakinləri və texnikası sahələrdə işləyirdi. Kənd bomboş idi... Beş-üç əlçatan insana isə ulaşmaq olmurdu. Mobil telefon yox idi bu adamlarda. Ayrıca bir maşın lazım idi ki, qohumlara xəbər aparsın. Namiq təkliyinin ən gərgin anlarını yaşayırdı. Odur ki, dərman satan dostumla işimizi-gücümüzü buraxıb ona həyan olmaq qərarına gəldik.
Namiqin atası kənddə xəstəxananın UAZ-ını sürürdü. Elə bir ev olmazdı ki, xeyrinə-şərinə yaramasın. Ən çətin anlarda, ən sevincli günlərdə hamının yanında idi. İndi onun meyitini daşımağa maşın tapmamaq taleyin çox ciddi istehzası idi...
Təbii ki, böyük çətinliklərlə də olsa, Namiq atasını dəfn etdi. 7 gün ehsan da verdi, cümə axşamlarında xeyli xərc çəkdi. Amma, dəqiq bilirəm ki, o, bircə an da olsun atasına sidq-ürəkdən ağlamağa vaxt tapmadı. Ehsan dərdi bu yoxsul və kimsəsiz gənci elə sarsıtmışdı ki...
Onunku ağlamaqdan o yana idi!