Sentyabrın 27-dən Odessada Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumlarının növbəti illik toplantısı olacaq. Lent.az-ın məlumatına görə, iki gün davam edəcək tədbirə Mətbuat Şurasının sədri Əflatun Amaşov qatılacaq.
İllik toplantıda sədrliyin Azərbaycana keçəcəyi rəsmiləşəcək. Gələn il tədbirin ölkəmizdə təşkili məsələləri müzakirə olunacaq.
Toplantıda quruma üzv təşkilatların ötən müddətdə gördükləri işlər barədə hesabatları dinləniləcək. MŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi qurumun fəaliyyətilə bağlı hesabat məruzəsi ilə çıxış edəcək.
Bundan başqa tədbirdə özünütənzimləmə şəbəkəsinə yeni üzvlərin cəlbi, etik standartların qorunması ilə bağlı beynəlxalq monitorinqin nəticələri, habelə onlayn media ilə əlaqədar şikayətlərin araşdırılması xüsusiyyətləri müzakirəyə çıxarılacaq, söz və ifadə azadlığının müxtəlif aspektləri nəzərdən keçiriləcək.
Qeyd edək ki, toplantıda Ə. Amaşovla yanaşı, MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də iştirak edəcək.