Dövlət Sosial Müdafiə Fondu (DSMF) Şirvan şəhərində “Sığorta-pensiya sistemində elektron xidmətlər” mövzusunda regional təqdimat keçirib. Fonddan Lent.az-a verilən məlumata görə, 1 şəhər və 11 rayonun nümayəndələrinin iştirakı ilə baş tutan təqdimat mərasimində Fondun əhaliyə göstərdiyi elektron xidmətlərin hər biri haqqında müfəssəl məlumat verilib.
Hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) əhaliyə təqdim etdiyi elektron xidmətlərin sayı 19-a çatdırılıb.
DSMF-nın pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri Famil Qədimov hazırda Azərbaycanın sığorta-pensiya sisteminin ölkə əhalisinin 40 faizindən çoxunu əhatə etdiyini diqqətə çatdırıb. O qeyd edib ki, Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığorta olunan barədə müvafiq məlumatlar toplanıb. Ötən il ərzində DSMF-nın həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökümət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.
Təqdimat zamanı bildirilib ki, hazırda bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub.