Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Saatlıda Saatlı, Şirvan, Hacıqabul, Sabirabad, Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarının sakinləri üçün qəbul keçirib. Fondun İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nın rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, qəbulda iştirak edənlərin Fondun həmin rayon şöbələrinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Saatlı rayon şöbəsinə aparılıb-gətirilmələri təmin olunub. “Açıq qapı” şəraitində keçirilən qəbulda 8 rayondan olan 30-dan çox sığorta ödəyicisi və pensiyaçı iştirak edib.
DSMF sədrinin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, əlillik dərəcəsinin müəyyən edilməsi, həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilib.
Sakinlər ölkə prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, onları narahat edən məsələlərin həlli istiqamətində atılan addımları yüksək qiymətləndiriblər.