Dövlət Sosial Müdafiə Fondu (DSMF) İmişlidə “Açıq qapı” günü - vətəndaş forumu keçirib. DSMF-nın İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, regional tədbirə İmişli, Füzuli, Cəbrayıl, Beyləqan, Xocavənd, Ağcabədi, Zərdab, Laçın, Sabirabad və Saatlı rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb.
Tədbirdə qeyd edilib ki, hazırda Azərbaycanda müasir avtomatlaşmış əsaslarla fəaliyyət göstərən sığorta-pensiya sistemi mövcuddur və informasiya texnologiyalarının uğurlu tətbiqi nəticəsində DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən, DSMF-nın göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.
Forumda çıxış edən DSMF-nın şöbə müdiri Məmməd Nuriyev bildirib ki, uğurla həyata keçirilən islahatlar nəticəsində ölkədə iqtisadi və sosial həyatın bütün sahələrində, o cümlədən sığorta-pensiya sistemində davamlı inkişafa nail olunub, əhalinin sosial rifahı daha da yaxşılaşıb. M. Nuriyev diqqətə çatdırıb ki, respublikamızda əmək pensiyaları ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğini sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəğötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında, əmək haqlarının tam rəsmiləşdirilməsində və sosial sığorta haqlarının vaxtında ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Sosial sığorta haqlarının alınan əmək haqlarına uyğun olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada tam məbləğdə düzgün hesablanıb ödənilməsi işləyənlərin gələcək pensiya təminatı üçün mühüm əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycanın sığorta-pensiya sistemi ölkə əhalisinin 43 faizindən çoxunu əhatə edir. Fondun mərkəzi məlumat bazasında 1 milyon 286 min pensiyaçı və 2 milyon 800 mindən artıq sığortaolunan barədə müvafiq məlumatlar toplanıb.
Tədbirdə təqdimatla çıxış edən DSMF-nin sektor müdiri Rüfət Oruclı deyib ki, Fondun 2013-cü ildən tətbiq etdiyi "Çağrı mərkəzi" vasitəsilə avtomatlaşdırılmış pensiya təyinatı sayəsində pensiya yaşına çatmış vətəndaşa 190-a zəng etməklə və yalnız şəxsiyyət vəsiqəsinin nömrəsini təqdim etməklə real vaxt çərçivəsində pensiya təyin edilməsi həyata keçirilir. Vətəndaş pensiyasının məbləği, plastik pensiya kartını alacağı bank şöbəsinin ünvanı haqqında məlumatı dərhal əldə edir. Bütün proses isə cəmi bir neçə dəqiqə vaxt aparır.
“Açıq qapı” günündə iştirakçıların mövzu ilə bağlı təklifləri müzakirə olunub, sualları cavablandırılıb.