Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) strukturlarının komandaları arasında mini-futbol turnirinə start verilib. DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, turnirin açılış mərasimində çıxış edən DSMF sədri Elman Mehdiyev Heydər Əliyevin siyasi və dövlət xadimi kimi fəaliyyət göstərdiyi dövrün Azərbaycan tarixinin ən parlaq hissəsi olduğunu diqqətə çatdırıb: “Bu gün ölkəmizin həyatının bütün sahələrində ümummilli liderin müəyyənləşdirdiyi prinsiplər uğurla gerçəkləşdirilir və məhz bunun nəticəsində Azərbaycan dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləyir”.
Fondun sədri onu da vurğulayıb ki, DSMF-da artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil olunur və bunlardan biri də bu gün açılışına start verilən komandalar arası mini-futbol turniridir.
8 komandanın mübarizəyə qatıldığı mini-futbol turnirinin qalibləri kubok, medallar, diplomlar və pul mükafatları təqdim olunacaq. Bununla yanaşı, ulu öndərin anadan olmasının 91-ci ildönümü münasibətilə DSMF-nin strukturlarının əməkdaşları arasında stolüstü tennis və şahmat yarışları da keçiriləcək və qaliblər mükafatlandırılacaq.