Dövlət sirri bilən şəxslər 5 il Azərbaycandan çıxa bilməyəcək
14 may 2013 16:24 (UTC +04:00)

Dövlət sirri bilən şəxslər 5 il Azərbaycandan çıxa bilməyəcək

Bu gün Milli Məclisdə Miqrasiya Məcəlləsi müzakirəyə çıxarılıb.

Lent.az-ın verdiyi məlumata görə,  sənəd barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olmağa buraxıldığı məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Ölkədən getmək və ölkəyə gəlmək hüququ məhdudlaşdırılan vətəndaşlar barədə məlumatlar "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin məhdudiyyət siyahılarına daxil edilməli və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilməlidir. Vətəndaşın ölkədən getmək və ölkəyə gəlmək hüququ Azərbaycan Respublikası vətəndaşının pasportu əsasında həyata keçirilir. Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının və onunla birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası müvafiq qanunla tənzimlənir. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.

 

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət sərhədinin buraxılış məntəqələrindən keçmək şərti ilə, pasportları və ya digər sərhədkeçmə sənədləri əsasında Azərbaycan Respublikasına gələ və Azərbaycan Respublikasından gedə bilərlər. Azərbaycan Respublikasına gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Xarici dövlətlərlə müvafiq beynəlxalq müqavilələr bağlanmış olduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına vizasız qaydada gələ bilərlər. Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər pasportları və ya digər sərhədkeçmə sənədləri və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələri əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına qayıda bilərlər. Azərbaycan Respublikasında qaçqın statusu almış əcnəbilər və vətəndaşlığı olmayan şəxslər onlara Azərbaycan Respublikasının hüdudlarından kənara getmək üçün verilən “Yol sənədi” əsasında Azərbaycan Respublikasından gedə və viza almadan Azərbaycan Respublikasına gələ bilərlər. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasına gəlmək aşağıdakı hallarda qadağan edilir:
- milli təhlükəsizlik və ya ictimai asayişin mühafizəsi, yaxud Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə;
- şəxsin sülh və insanlıq əleyhinə, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və müharibə cinayətləri törətməsi və ya transmilli mütəşəkkil cinayətkar dəstənin üzvü olması barədə məlumat olduqda;
- şəxs Azərbaycan Respublikasının vətəndaşlarına və ya Azərbaycan Respublikasının maraqlarına (mənafelərinə) qarşı cinayət törətdiyinə görə məhkum olunduqda, əgər məhkumluğu qanunla müəyyən edilmış qaydada ödənilməmişdirsə və ya götürülməmişdirsə;
- şəxs əvvəllər Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarıldıqda, əgər ölkəyə girişinə qoyulmuş məhdudiyyət müddəti bitməmişdirsə;
- şəxsin Azərbaycan Respublikasında olması arzuolunmaz hesab edildikdə;
- şəxs əvvəllər Azərbaycan Respublikasında olarkən ölkəyə gəlişinin bəyan edilmiş məqsədlərini pozduqda;
- şəxs Azərbaycan Respublikasına gəlməsi haqqında vəsatət qaldırarkən, özü və ya səfərinin məqsədihaqqında yalan məlumat verdikdə;
- şəxs miqrasiya qanunvericiliyini pozduğuna görə son üç il ərzində iki dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb olunduqda.

Qeyd olunan hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlişinə 5 il müddətinə qadağa qoyulur.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasından getməsi aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:


- onların getməsi milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olduqda - bu əsas aradan qalxanadək;
- onlar Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq tutulduqda və ya barələrində hər hansı qətimkan tədbiri seçildikdə - azad edilənədək, qətimkan tədbirinin müddəti bitənədək və ya qətimkan tədbiri ləğv edilənədək;
- onlar məhkum edildikdə - Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş əsas cəzalarnı çəkib qurtaranadək və ya bu Məcəllənin - Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq barələrində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə- tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ləğv edilənədək;
- onlar üzərinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan vəzifələr qoyulmaqla şərti məhkum edildikdə və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə - müvafiq olaraq sınaq müddəti və ya cəzanın çəkilməmiş hissəsi başa çatanadək və ya şərti məhkumetmə, yaxud üzərinə qoyulmuş vəzifələr vaxtından əvvəl tamamilə ləğv edilənədək;
- Qanunvericilikdə nəzərdə tutulmuş qaydada profilaktik peyvəndlərin aparılmaması Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəlişinin məhdudlaşdırılması ilə nəticələnir.


Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hava limanında təyyarə dəyişməklə təyinat ölkəsinə getdikdə, bir şərtlə ki, sərnişinlərin təyinat ölkəsinə daxil olmaq hüququnu təsdiq edən sənədləri, təyyarə dəyişmək üçün endikləri hava limanından yola düşmə vaxtını təsdiq edən təyyarə biletləri olsun və Azərbaycan Respublikasının ərazisində qalma müddəti 24 saatdan artıq olmasın. Bu zaman sərnişinlər hava limanının ərazisində xüsusi olaraq ayrılmış ərazinin hüdudlarından kənara çıxa bilməzlər. Azərbaycan Respublikasının ərazisindən dəmiryol nəqliyyatı və ya avtonəqliyyat vasitəsi ilə tranzitlə keçən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sərhədboyu zonada dayanması qadağandır. Beynəlxalq yükdaşımalarında iştirak edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisindən tranzit keçidi beynəlxalq və dövlətlərarası yükdaşımalar üçün müəyyənləşdirilmiş sərhəd nəzarət buraxılış məntəqələrindən və avtomobil yollarından həyata keçirilir.  Viza əsasında Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti vizada göstərilən qalma müddətindən, viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin isə ölkədə müvəqqəti olma müddəti Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla 90 gündən artıq ola bilməz. Bu müddət bitənədək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə müvəqqəti olma müddəti uzadılmayıbsa, onlara müvəqqəti yaşamaq üçün icazə verilməmişdirsə, habelə onlardan müvəqqəti olma müddətinin uzadılması və ya müvəqqəti yaşama icazəsinin verilməsi üçün ərizə qəbul edilməyibsə, onlar Azərbaycan Respublikasının ərazisini tərk etməlidirlər.

Azərbaycan Respublikasında 3 gündən artıqmüvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (bundan sonra - "qəbul edən tərəf") ölkəyə gəldiyi vaxtdan 3 gün ərzində əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və həmin şəxsin pasportunun (digər sərhədkeçmə sənədinin) surətini poçt, elektron poçt vasitəsi ilə və ya şəxsən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına gəlməsi, Azərbaycan Respublikasında olması və ya yaşaması Azərbaycan Respublikasının suverenliyinə, ərazi bütünlüyünə, onun dünyəvi xarakterinə, Azərbaycan xalqının vahidliyinə, ölkənin milli təhlükəsizliyinə, ictimai asayişə və ya əhalinin sağlamlığına zərər vura biləcəyi hallarda, habelə Azərbaycan Respublikası vətəndaşlarının və digər şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması bunu tələb etdikdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən həmin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə olması arzuolunmaz hesab edilə bilər.

 

 Şəxsin arzuolunmaz hesab edilməsi 5 il müddətinə müəyyən edilir və müvafiq əsaslar aradan qalxmadıqda eyni müddətə uzadıla bilər. Azərbaycan Respublikasının ərazisində qanuni əsaslarla müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxs arzuolunmaz hesab edildikdə, həmin şəxs qərar qəbul edildiyi andan ölkədə olma və ya yaşama hüququnu itirir.

 

Giriş vizasının etibarlılıq müddəti birdəfəlik giriş-çıxış üçün 90 günədək, çoxdəfəlik giriş-çıxış üçün isə 2 ilədək müəyyən olunur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizada göstərilən qalma müddəti ərzində və məqsədlə ölkə ərazisində qala bilərlər. Vizada göstərilən ölkədə qalma müddəti vizanın etibarlılıq dövrü ərzində istifadə edilir. Bu müddət ərzində istifadə olunmayan viza qüvvədən düşür. Əmək vizası Azərbaycan Respublikasında haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq niyyətində olan və bunun üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqi  şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işəgötürən tərəf qismində vəsatəti əsasında gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Əmək vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir. Müalicə vizası Azərbaycan Respublikasındakı tibb müəssisələrinin qəbul edən tərəf qismində vəsatəti əsasında Azərbaycan Respublikasında müayinə və müalicə olunmağa gələn əcnəbilərə və vətəndaşlığı olamayan şəxslərə verilir. Müalicə vizasında ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.

Mədəniyyət və idman vizası Azərbaycan Respublikasında keçirilən mədəniyyət və  idman tədbirlərində iştirak etmək üçün Azərbaycan Respublikasının dövlət orqanlarının, bu sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qəbul edən tərəf qismində vəsatəti əsasında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilir. Mədəniyyət və idman vizasında ölkədə qalma müddəti 60 günədək müəyyən edilir. Turizm vizasında ölkədə qalma müddəti 30 günədək müəyyən edilir. Tranzit vizasının etibarlılıq müddəti 30 günədək, ölkədə qalma müddəti isə 5 günədək müəyyən edilir. Tranzit vizaları hava, su, dəmir yol nəqliyyatı və digər nəqliyyat növü vasitəsilə gediş marşrutu və ona sərf olunan vaxt nəzərə alınmaqla verilir.  Azərbaycan Respublikasına gələn turistlər turizm şirkətləri vasitəsi ilə elektron viza ala bilərlər. Bunun üçün əcnəbilər Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq icra hakimiyyəti orqanında akkreditasiyadan keçmiş turizm şirkətlərinə birbaşa və ya yaşadıqları ölkələrdə həmin şirkətlərin tərəfdaşı olan turizm şirkətləri vasitəsi ilə müraciət edə bilərlər.

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir:

- Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda;
-  ölkə iqtisadiyyatına azı 500 min manat məbləğində investisiya qoyduqda;

- Azərbaycan Respublikasının ərazisində azı 100 min manat dəyərində daşınmaz əmlakı və ya Azərbaycan Respublikasının banklarında həmin məbləğində pul vəsaiti olduqda;

- iqtisadiyyat, sənaye, müdafiə, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olduqda;
- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ailə üzvləri olduqda;
- xarici hüquqi şəxsin Azərbaycan Respublikasındakı filial və nümayəndəliyinin rəhbəri və onun müavini (3 müavindən artıq olmamaq şərtilə) vəzifəsini tutduqda;
- Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda;
- Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün bu Məcəllə ilə müəyyən edilmiş qaydada iş icazəsi aldıqda;
- Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində əyani formada və ümumtəhsil müəssisələrində təhsil aldıqda;
- dövlət qeydiyyatına alınmış dini qurumlarda peşəkar dini fəaliyyətlə məşğul olduqda;
- Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda.

Dövlət əmək miqrasiyası kvotasının tətbiq edilməsi, iş icazələrinin verilməsi, o cümlədən Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyətinə xüsusi razılıq verilməsi yolu ilə əmək miqrasiyasını tənzimləyir. Müvafiq dövlət orqanları əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında əmək fəaliyyətinin qanuniliyinə, onların sosial müdafiəsinin təmin olunmasına, hüquqi və fiziki şəxslərin əmək miqrasiyası sahəsindəki fəaliyyətlərinə nəzarəti həyata keçirirlər.

Məcəllə qəbul edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2047
avatar

Oxşar yazılar