“Hazırda təkcə Azərbaycanda yox, bütün islam dövlətlərində halal standartının müəyyənləşməsinə ehtiyac yaranıb. Bazarda halal kolbasa məhsulları həqiqətən də var, lakin bu markadan istifadə edərək heç də halal məhsul istehsal etməyənlər də var. Halal standartları İslam Konfransı Təşkilatı tərəfindən hazırlanıb təsdiqlənmişdir. Hər hansı müəssisə halal sertifikatı almaq istəyirsə, beynəlxalq İSO 22000 standartına mütləq əməl etməlidir. Artıq bu ilin fevral ayından Azərbaycanda halal standartları yeni qaydalara əsasən müəyyənləşib. Əgər adı halal olan hər hansı bir müəssisə həmin standartlara əməl etməzsə, yəqin ki, əhalidə çaşqınlıq yaratmamaq üçün onun adı da dəyişdiriləcək. Hazırda respublikada 15-ə yaxın orta və iri istehsal müəssisəsi var”.
Bu sözləri APA TV-nin efirində “Sosium” verilişinin qonağı olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev deyib.
Onun sözlərinə görə, kolbasa məhsullarının tərkibində donuz mənşəli əlavələrin olması şərt deyil: “Donuz əti və yağı qatılmadan da kolbasa məmulatları hazırlanır. Ölkəyə idxal olunan hər hansı qida xammalı ilk növbədə təhlükəsiz olmalıdır. Kolbasa istehsalında əsas xammal olan Hindistandan idxal edilmiş camış və inək ətinin keyfiyyətini yoxlamaq üçün mütəxəssislərimiz yerində yoxlamalar keçiriblər. Əminliklə deyə bilərik ki, Hindistandan idxal olunan ət məhsulları həqiqətən də halal standartına uyğundur. Qiymətin ucuzluğuna gəldikdə isə, qeyd edək ki, ətin topdansatış qiyməti 5-6 manatdır. İdxal olunan ətin qiyməti isə bir qədər ucuz, təxminən 3-4 manatdır. Bundan başqa, kolbasanın tərkibinə əlavə maddələr, yağlar, nişasta da əlavə olunur ki, bu da onun çəkisinə təsir edir”.
Lakin mütəxəssis artıq kolbasa məhsullarının keyfiyyətinə nəzarətdə heç bir əngəlin olmadığını, bütün laborator imkanların mövcud olduğunu bildirib: “Artıq bizim laboratoriyalarımızda ətin mənşəyini müəyyənləşdirmək üçün sınaqlar aparılır. Halal standartının tələbləri məcburidir və müəssisələr bu qaydalara mütləq riayət etməlidirlər. Haram deyiləndə təkcə donuz əti nəzərdə tutulmur, burada ölmüş heyvanların əti, at və eşşək əti də nəzərdə tutulur. Bizim laboratoriyalarda olan cihazlar vasitəsilə bu məhsulların tərkibini qısa müddət ərzində dəqiq müəyyənləşdirmək mümkündür”.
Mənsim Babayev qayda pozuntusu aşkar olunan müəssisələrə qarşı qanunvericilikdə nəzərdə tutulan cəza tədbirlərinə də aydınlıq gətirib: “Əgər belə hal aşkarlanarsa, ilk növbədə, həmin müəssisədə istehsal qadağan olunacaq. İnzibati Xətalar Məcəlləsinə əsasən, 4-5 min manata qədər cərimə nəzərdə tutulur. Əlbəttə, bu məbləğ azdır. Amma halal sertifikatının ləğvi və ictimaiyyətdə ifşa olunmaq həmin müəssisələr üçün böyük cəzadır”.
Dövlət Komitəsi Azərbaycanda halal kolbasa olub-olmadığına aydınlıq gətirib
1015