Rusiya Federasiyası Dövlət Dumasının bir qrup deputatı 9 May - Qələbə Günü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib.
APA-nın məlumatına görə, Bakıda səfərdə olan Rusiya Dövlət Dumasının deputatları Serqey Markov, Mariya Maksakova, Olqa Kazakova, İrşad Faxraddinov və Dimitriy Savelyev abidənin qarşısına əklil qoyub, Böyük Vətən Müharibəsində dünyasını dəyişmiş insanların xatirəsini yad ediblər. Müharibə veteranları ilə görüşən rusiyalı deputatlar məşhur “Qələbə günü” mahnısını Azərbaycan Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə ifa ediblər.
Jurnalistlərə açıqlamalarında isə Rusiya Federasiyası İctimai Palatasının üzvü, Plexanov adına Rusiya İqtisad Universitetinin vitse-prezidenti, professor Serqey Markov deyib ki, Azərbaycan xalqı onlara çox tanış və yaxındır: “Təkcə Böyük Vətən Müharibəsi illərində Azərbaycan xalqı qələbəyə öz böyük töhfələrini verib. Azərbaycan həm iqtisadi, həm də fiziki baxımdan qələbənin qazanılmasında əvəzsiz əmək sərf edib. Müharibə zamanı 300 mindən artıq azərbaycanlı həlak olub. Biz Bakı neftinin nə kimi əhəmiyyət daşıdığını da yaxşı dərk edirik. Müharibədə həlak olan və arxa cəbhədə çalışan azərbaycanlı əmək qəhrəmanlarını da həmişə yad edirik”.
Rusiya Dövlət Dumasının deputatı, “Vahid Rusiya” fraksiyasının üzvü, Moskvanın Marinskiy Teatrının solisti Mariya Maksakova bildirib ki, Rusiya ilə Azərbaycanın əlaqələri dostluq səviyyəsindədir: “Bizim hələ də bir-birimizdən öyrənməli olduğumuz məsələlər var”. Azərbaycan ilk dəfədir səfər etdiyini deyən M.Maksakova ölkənin inkişafı, iri tikinti layihələrinin onda maraq yaratdığını da söyləyib.
Dumanın deputatı, parlamentin Ailə, qadın və uşaq məsələləri üzrə komitəsinin üzvü Olqa Kazakova 9 May - Qələbə Günün əsas əlamətdar günlərdən biri olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu müharibənin dəhşətləri və qələbənin əhəmiyyəti barədə gənc nəslin maarifləndirilməsinə də böyük ehtiyac var: “Biz anlamalıyıq və bunun yaddaşlardan silinməməsinə imkan verməməliyik.” Azərbaycanın bir neçə gənclər və uşaq təşkilatları ilə tanış olduğunu da deyən O.Kazakova bildirib ki, bu qurumların fəaliyyəti onda müsbət hislər oyadıb: “Bu gün Rusiyadan tələbələr də Azərbaycana səfər ediblər. Bizim tələbələr də azərbaycanlı həmkarları ilə qələbə bayramını keçirəcəklər. Bunun özü ölkələrimizin inteqrasiyasına xidmət edəcək”.
Qonaqlar onu da bildiriblər ki, Azərbaycana səfərləri faşizm üzərində qələbənin ildönümünü azərbaycanlı dostlarla birlikdə qeyd etmək olub: “Səfər zamanı biz Azərbaycan prezidenti İlham Əliyevlə görüşdük, müharibə veteranlarını təbrik etdik. Çünki bu bizim ümumi qələbəmizdir. Səfər zamanı Heydər Əliyevin 90 illik yubiley tədbirlərində də iştirak edəcəyik”.