Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura günü münasibəti ilə açıqlama yayıb. Qurumdan Lent.az-a verilən məlumata görə, Tasua və Aşura günlərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalarla əlaqədə olmuş, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar. Dövlət Komitəsinin əməkdaşlarının Respublika üzrə apardıqları müşahidələrin nəticəsi olaraq bildirilir ki, Aşura mərasimləri Kərbəla şəhidlərinin ehtiramına layiq şəkildə keçirilib, hər hansı ciddi insident baş verməyib: Məscidlərdə klassik Azərbaycan şairlərinin mərsiyələri səsləndirilib. Ölkədə fəaliyyət göstərən dini icmaların mütləq əksəriyyəti əvvəlki illərdən fərqli olaraq, əvvəlcədən aparılmış maarifləndirmə işləri nəticəsində başyarma, qançıxarma və zəncirvurma kimi xoşagəlməz hallardan imtina ediblər”.
Komitədən verilən məlumatda o da qeyd olunub ki, son illər kök salmış ənənəyə uyğun olaraq bu il də Aşura günü ölkənin 20-yə yaxın iri şəhər və rayonunda Aşura günü təşkil edilmiş talassemiya xəstələri üçün qanvermə aksiyalarında minlərlə insan iştirak edib: “Əhalinin və dindarların təhlükəsizliyi, ictimai aşayişin təmin edilməsi məqsədilə Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasının fətvasında göstərilmiş müvafiq tövsiyələrə uyğun olaraq əzadarlıq mərasimlərinin yalnız məscid və ziyarətgahların ərazisi daxilində keçirilməsi, küçə yürüşlərinə yol verilməməsi məqsədəuyğun sayılıb. Ümumilikdə Aşura mərasimləri insidentsiz baş tutub”.