Tədris vəsaitlərinə nəşr hüququ (qrif) verilməsi Qaydalarının təsdiq edilməsi bаrədə təhsil naziri Mikayıl Cabbarov əmr imzalayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, əmrə əsasən “Təhsil Nazirliyi sistemində tədris ədəbiyyatının nəşrə planlaşdırılması və hazırlanması qaydalarına dair Təlimat” qüvvədən düşmüş hesab edilib.
Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlıya “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulmuş məsələləri (kurikuluma əsaslanan yeni dərsliklərin yaradılması, təhsil proqramları, tədris resursları arasında sağlam rəqabətin stimullaşdırılması və s.) diqqət mərkəzində saxlamaq və qaydalara düzgün əməl olunmasını təmin etmək tapşırılıb.
Əmrin icrasına təhsil nazirin müavini Ceyhun Bayramov nəzarət edəcək.