Oktyabrın 7-də Bakının Nizami rayonunda Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin açılışı olub.
Lent.az-ın AzərTas-a istinadən məlumatına görə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qurumun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva mərasimdə iştirak edib.
Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, mərkəz üçün ayrılan ərazinin ümumi sahəsi bir hektardır. Əsas və köməkçi binalarla birlikdə tikintinin ümumi sahəsi 7300 kvadratmetr təşkil edir. Bina 3 mərtəbə və zirzəmi hissəsindən ibarətdir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan binanın xarici görünüşü göbələk formasındadır.
Tikinti işləri blok şəklində dəmir-beton konstruksiya əsasında aparılıb. Fasad isə göbələyin təbii formasına oxşar şəkildə şüşə pəncərələrlə bəzədilib. Fasadda örtük materialı olaraq qəliblərdə hazırlanan müasir poliestr materialından istifadə edilib.
Fondun prezidenti Mərkəzdə yaradılan şəraitlə tanış olub. Qeyd edilib ki, binanın interyerinin rəngarəngliyi onun dinamik aurasını daha da zənginləşdirir. Burada Heydər Əliyevin uşaqlara qayğısını əks etdirən fotostend yaradılıb.
Mehriban Əliyevaya məlumat verilib ki, yeməkxanada daun sindromlu xəstələrin rahat qidalanması üçün hər cür şərait vardır. Mərkəzdə psixologiya, məktəbəqədər hazırlıq, valideyn otaqları, biologiya və zoologiya kabinetləri yerləşir. Burada həmçinin, heykəltəraşlıq, əmək, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərəcək.
Kompüter, loqoped, riyaziyyat, astronomiya otaqları və digər yardımçı otaqlar da ən müasir avadanlıqla təchiz olunub.
Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva Mərkəzin idman zalı, üzgüçülük hovuzuna da baxıblar. Məlumat verilib ki, hovuz iki hissədən - üzgüçülük və müalicə hissələrindən ibarətdir. Ən müasir texniki avadanlıqla təchiz olunan kino və teatr zalları da daun sindromlu xəstələrin istifadəsinə verilib.
Bildirilib ki, Mərkəz daun sindromlu şəxslərin, eləcə də onların ailə üzvlərinin sosial-mədəni reabilitasiyası və cəmiyyətə inteqrasiyasına xidmət edəcək.
Mərkəzlə tanışlıqdan sonra Mehriban Əliyeva, Leyla Əliyeva və Arzu Əliyeva Daun Sindromlu Şəxslərin Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dəcəllər” teatrının hazırladığı tamaşaya baxıblar.
Qeyd olundu ki, Mərkəzin ərazisində uşaq əyləncə meydançası, köşklər və açıq idman meydançası yaradılıb. Heydər Əliyev Fondu tərəfindən Mərkəzə avtobus hədiyyə olunub.