Moskvada Kreml divarlarında və onun ətrafında olan məzarlığın köçürülməsi barədə qərarın icrasına başlanılıb. Bu məzarlıqda Azərbaycanın sovetləşməsində böyük rolu olan tanınmış siyasi xadim Nəriman Nərimanovun da məzarı var. Bu məzarın Azərbaycana gətirilib - gətirilməməsi bəzi çevrələrdə və cəmiyyət içində müzakirə olunmaqdadır.
Fikrimcə, Nərimanov ziddiyyətli şəxsiyyət olmayıb. Sadəcə, real şəraitdən çıxış edərək Rusiya gücünün qarşısında deyil, içində yer almağa qərar verərək, bu məkanda Azərbaycanın qismən müstəqil siyasət izləməsinin tərəfdarı olub. O, həm də aldanışla deyil, düşünərək bu addımı atıb. Əvvəla, insanların sosial bərabərliyi ideyası ötən əsrin əvvəllərində çox sayda insanlar üçün cəlbedici idi və Nərimanov da bu ideyanın gerçəkləşəcəyinə səmimi inananlardan idi. İkincisi, o, cəmiyyətin maariflənməsini əsas hədəf olaraq seçən üst düzeydə bir ziyalı-yazar idi. Üçüncüsü isə, bir həkim kimi xalqa yaxın bir mühitin içində yer alırdı. Nəhayət, o Rusiya miqyasında bolşevik siyasi elitasına intellektual qabiliyyəti ilə seçilərək daxil olan ilk və tək sima sayılırdı.
Digər tərəfdən, müstəqillik tariximizin obyektiv qiymətləndirilməsi baxımından Nərimanov mənfi bir obrazdır və bolşeviklərlə əməkdaşlıq zəminində Azərbaycanın müstəqilliyinin itirilməsində rolu olub. Üstəlik, aktiv rol almasa da, Bakı Kommunasının rəhbər heyətində yer alan komissarlardan biri olub, Bakıda 1918-ci ildə soydaşlarımıza qarşı baş verən mart soyqırımında bədnam müşahidəçi kimi rol almış. Bununla belə, Sovet repressiv sisteminin qurbanı olana qədər SSRİ tərkibində Azərbaycanın minimum itkilərlə öz ərazisini qorumasına çalışıb, Azərbaycanın başqa millətdən olanlar tərəfindən idarə olunmasına qarşı ortaya açıq mövqe qoyub.
Bunlar, əlbəttə ki, Nərimanovun xeyrinə və əleyhinə olan arqumentlərdən bir neçəsi. Ancaq bütün hallarda onun məzarının Azərbaycana köçürülməsi, onun digər bolşevik elementlərindən fərqləndirilməsi doğru addım olardı. Onsuz da Azərbaycan cəmiyyətinin dəyərləri çox zaman əqli mühakimənin nəticəsində formalaşmayıb. Sadəcə, “Korun tutduğunu buraxmaması” qəbilindən bir məsəl sanki bizim xarakterin ümumiləşdirilməsi kimi leksikonda sabit yer tutub. Uzun əsrlərdir Zərdüşt ruhaniləri tərəfindən kodlaşdırılan və farsların milliləşdirdiyi formada İslamı məişətində yaşadan, Allahın dinini hələ də ərəbin dini kimi məsxərəyə qoyan, dünyagörüşü həyat fəlsəfəmizə daban-dabana zidd olan Xürrəmiliyi İslamdan uca tutan, yüksələn Türk mədəniyyətini bir təriqətin insana nifrət saçan görüşləri ilə boğan Səfəvi vəhşətini öz qəhrəmanlıq tarixi sayan, onu ölümdən, qətliamdan xilas etmiş bir mələk obrazlı Nuru Paşanın haqqına nankorluqla yanaşan Azərbaycan cəmiyyəti ideal qəhrəman və lider axtarışında olmadığından, Nərimanova da sərt mühakimə testi tətbiq etmək doğru olmaz. Bizim cəmiyyətimiz Türkmənçay zəlzələsindən başlayaraq başqa bir formatda yenidən yüklənmiş proqrama sahib olduqdan sonra özünü tapmaq üçün iki əsrə yaxındır kimlik və kültür axtarışı içindədir. Azərbaycanlı kimliyini müəyyənləşdirmiş, sadəcə onun kültür hüdudlarını tanıtmaq cəhdləri içində hələ də çabalamaqda. Belə bir vəziyyətdə Azərbaycanla bağlı olan tarixi şəxsiyyətlərin öz məmləkətinə sümükləri və ya külləri ilə dönüşü, hansısa fəsad və ya çaşqınlıq yaratmaz. Fətəli Bəy Düdənginsikinin, Topçubaşovun, Ceyhun Hacıbəylinin, Fətəli Xan Xoyskinin, Axundovun və daha kimlərin məzarları köçürülə bilər.
Burada Məhəmməd Əmin Rəsulzadənin və Türkiyədə uyuyan başqa dəyərli tarixi simaların məzarlarının köçürülməsi istisna sayıla bilir. Çünki onların məzarına mən qürbət ellərdəki məzar olaraq baxmıram. Acıdərədəki Türk zabitinin məzarının eynisidir onların məzarı. Həm də Rəsulzadənin məzarını köçürdüyünüz Fəxri Xiyabanda bir neçə məzarın üzərində “Müsavat cəlladları tərəfindən vəhşicəsinə öldürülmüşdür” sözlərini göz bəbəyi kimi qoruyub saxlayan zehniyyət məntiqlə Məhəmməd Əmin bəyin məzarının baş daşına nə yazmalıdır? “Cəlladbaşı”...
Ancaq gözardı edilməyəcək bir gerçəklik də var. Hələ uzun illər Azərbaycanda Məhəmməd Əmin Bəylə Yoldaş Nərimanın dünya görüşlərinın toqquşması canlı olaraq qalacaqdır. Məzarları görüşməsə, toqquşmasa belə…