Azərbaycanda oktyabrın 1-dən 10-dək əhalinin siyahıyaalınması aparılacaq.
Ölkə ərazisində yaşayan qaraçılar da siyahıya alınacaqmı?
Dövlət Statistika Komitəsindən Lent.az-a bildirilib ki, ölkə ərazisində etnik kimliyindən asılı olmayaraq, daimi yaşayış yeri olmayan, evsizlər da daxil olmaqla hər kəs siyahıya alınacaq.
Qeyd edək ki, qaraçılar Azərbaycanda yaşayan azsaylı xalqlardan biridir. 2012–2014–cü illərə olan qeyri–rəsmi məlumata əsasən Azərbaycanda yaşayan qaraçıların ümumi sayı 10 min nəfərə yaxındır.
Qaraçılar Hind-Avropa mənşəlidirlər. Qaraçılara bütün Avrasiya materikində rast gəlinir. Avropa yazıçılarından Prosper Merime, Şarl de Koster və eləcə də Valter Skott öz əsərlərində qaraçıların mənşəyinə ötəri də olsa toxunurlar. Xüsusilə Prosper Merime Karmen əsərində qaraçıların tarixinin hələ də problem olaraq qaldığını deyir. Ancaq bu məlumdur ki, onların ilk kiçik dəstələri XV əsrin əvvəllərində Avropanın şərq hissələrində görünüb. Qaraçıların özləri də öz adət ənənələri və mənşələri barədə indiyə kimi heç nə qoruyub saxlamayıblar və əgər onların əksəriyyəti Misiri birinci vətənləri hesab edirsə, bu da onların ta qədimdən indiyə qədər öz aralarında yayılmış bu uydurmaya əsaslanmalarıdır.
1971-ci ildə Londonda Qaraçıların Beynəlxalq İttifaqı yaradılıb, qaraçılara bayraq və himn seçilib.
Qaraçılar tarixən köçəri həyat tərzi sürüblər. Ənənəvi olaraq atçılıqla və maldarlıqla yanaşı, həm də öz dədə-baba sənətləri olan nalbəndlik, xırda məişət avadanlıqları, kənd təsərrüfatı (torpaqda işləmək üçün) alətləri istehsalı ilə məşğul olurlar. Qaraçıların özlərinə məxsus elə adət-ənənələri var ki, bunlar heç bir xalqa mənsub deyil. Hazırda dünyada qaraçıları məşhur edən musiqi və rəqsdən sonra faldır. Falçıların çox vaxt həqiqətə yaxın məlumatlar əldə etməsi həmişə maraq doğurur. Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər.