Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Tbilisi prospektinə qədər olan 3,4 kilometrlik yol hissə-hissə bağlanacaq.
Bunu “APA-Economics”ə açıqlamasında Nəqliyyat Nazirliyinin “Azeryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, bu, adı çəkilən yerlərdə yolun asfalt-beton örtüyünün dəyişdirilməsi ilə əlaqədar həyata keçiriləcək: “Yolun asfalt-beton örtüyünün yenilənməsi ilə bağlı olaraq aprelin 6-dan 7-nə keçən gecə Həsən Əliyev küçəsinin Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospektinin kəsişməsinədək yerdə tunelin çıxışına qədər olan hissə mərhələli şəkildə məhdudlaşdırılacaq”.
P.Mürsəliyev qeyd edib ki, təmir işləri təxminən 5-6 gün çəkəcək. Yolun bu hissəsi hazır olduqdan sonra açılaraq istifadəyə veriləcək və yolun növbəti hissəsinin yenilənməsinə başlanılacaq.