Alman Akademik Mübadilə Proqramının (DAAD) Bakı məlumat mərkəzinin direktoru Bakı Ali Neft Məktəbində olub. BANM-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, məktəbin rektoru Elmar Qasımov Alman Akademik Mübadilə
Proqramının (DAAD) Bakı məlumat mərkəzinin direktoru Nikola Ullişə ali məktəbin yaranma tarixi, qısa zaman çərçivəsində əldə etdiyi uğurları, gələcək planları və
perspektivləri haqqında ətraflı məlumat verib. E. Qasımov bildirib ki, Avropa təhsil sisteminin tələblərinə uyğun yaradılmış Bakı Ali Neft Məktəbinin önəm verdiyi əsas
məsələlərdən biri də Avropanın aparıcı təhsil mərkəzləri ilə əlaqələrin qurulmasıdır. Alman Akademik Mübadilə Proqramı çərçivəsində Azərbaycandan yüzlərlə tələbənin Almaniyanın müxtəlif universitetlərində təhsillərini davam etdirmək məqsədi ilə görülən işləri yüksək qiymətləndirdiyini qeyd edən E. Qasımov vurğulayıb ki, bu ölkənin mühəndislik sahəsində fəaliyyət göstərən universitetləri ilə də əməkdaşlıq etmək ali məktəb üçün önəmlidir. DAAD təşkilatının fəaliyyəti haqqında ətraflı məlumat verən Nikola Ulliş bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması çox önəmli məsələdir. O, təşkilat olaraq, Bakı Ali Neft Məktəbi ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib. Görüş çərçivəsində bir çox sahələrdə birgə əməkdaşlıq məsələləri müzakirə edilib. Verilən təklifləri yüksək qiymətləndirən E. Qasımov yaxın vaxtlarda qeyd edilən istiqamətlərdə praktiki əlaqələrin qurulacağına ümidvar olduğunu bildirib.