III YAZI
Bizim kəndin Şirinqum qışlağı var. Qış aylarında qoyunları orda saxlayırıq. Şirinqumun otu, suyu şirindi. Qum təpəciklərinin arasında bir göl var. Onun yaşını bilən yoxdur, çox qanlı hadisələr baş verib burda. Suda batmış dəyirman daşları görünür, göldə müxtəlif rəngli quşlar üzür.
1930-cu ildə rus əsgərləri gəlibmiş Şirinquma. Təsəvvür edin, tərəkəmə hara, rus əsgəri hara...
Rus əsgərləri əslən tərəkəmə, bizim obaların sayılıb-seçilən bəylərindən olan Saday bəyi axtarırlarmış. Saday bəy boy-buxunlu, yaraşıqlı, zəhmli, şaqqalı, igid bir tərəkəmə oğlu imiş. Başının dəstəsi ilə tərəkəmə camaatı arasında Sovet hakimiyyətinin əleyhinə təbliğat aparırmış və o hökumətə qarşı döyüşürmüş.
Saday bəyi rus əsgərləri nə diri tuta bilirlərmiş, nə də öldürə. Əsgərləri Şirinqumda çadır qurublarmış. Hər səhər çılpaq idman eləyirlərmiş. Tərəkəmə qadınları da bunu görürmüş, bu da tərəkəmə kişilərinə ağır yer eləyirmiş. Rus gədəsinin biri lap ağ eləyibmiş, finiş xəttini düz bizim fermanın yanında salıbmış. Tərəkəmələr demişkən, bizim qadınların gözünün qabağında dombalaq aşırmış, güləşməyə adam gəzirmiş. Tərəkəmələrdən onun qabağına çıxan yoxuymuş. Tərəkəmə hara, idman hara? Bir dəfə obamızın ağsaqqalı, sayılıb-seçilən adamı Hacı Məhəmməd baba çobanlara deyir ki, kim o rusu yıxsa, ona on erkək verəjəm. Heç kəs ürək eləmir, çəlimsiz kor Böyükağa deyir ki, mən yıxaram, hamını gülmək tutur. Heç kəs inanmır. Böyükağa heç düz yolda yerişini yeriyə bilmir, o ki qaldı rusu yıxa. Axırda Böyükağa hirslənib deyir ki, nəyə gülürsünüz, siz yıxılmış rusunuzu alın məndən! Nəsə, rusu birtəhər başa salırlar ki, gəl güləş. Rus əvvəl bir neçə priyom-zad işlədir, əmələ gəlmir. Gözünə döndüyüm kor Böyükağa eləmir tənbəllik, qədim tərəkəmə badalağı ilə rusun arxasını qoyur yerə (Təklif edirəm ki, tərəkəmənin məşhur “Badalaq” priyomu milli güləşimizdə istifadə edilsin, çünki özgə güləşçilər bu badalaqdan xəbərsizdilər). Badalaq hara, rus hara...
Böyükağa on erkəyi alıb qatır sürüsünə. Elə o vaxtdan kimsə bir kimsənin iş görmək bacarığına şübhə edəndə deyirlər, ay qardaş, sənin nəyinə lazım, yıxılmış rusuna yiyə dur. Nəsə, rusu burda qoyaq, keçək Saday bəyə.
Saday bəyə qarşı hökumət yerli qüvvələrdən də istifadə edirmiş. Bu işi də tapşırıblarmış anamın dost-doğma maması qızı Aftelin əri Əbil kişiyə (ona kəndimizdə Ceyran Əbil deyirlər) Ona bir tüfəng də verirlər. Gözünə döndüyüm Əbil kişi də Saday bəyi tutmaq əvəzinə, hər gecə Saday bəylə yeyib-içir, gündüzlər də Şirinqumda çıxırmış ceyran ovuna. O qədər ceyran ovlayır ki, axırda adına Ceyran Əbil deyirlər. Hökumət də soruşanda ki, bəs Saday bəyi nə vaxt tutacaqsan? O da cavabında deyirmiş ki, möhkəm axtarış gedir, yerini bələdləmişəm, elə bu gün-sabah Saday bəyi əl-qolu bağlı gətirəjəm qırmızı stolunuzun qabağına (tərəkəmələr üçün “qırmızı stol” sovet hökuməti demək imiş... Və bu stoldan çox qorxurlarmış). Hökumət də Əbilə inanırmış, patronu-zadı bol eləyirmiş ki, korluq çəkməsin. Əbil də hər gün anamın maması qızına ceyran əti yedirdirmiş.
Sən demə, hökumət əl altdan iş görürmüş, ayrı bir plan əsasında Saday bəyi axtarırmış. Ayrı-ayrılıqda kəndin bəzi adamlarını ələ alıbmış, bu iş də tapşırılıbmış Salmana. Salman rusca “net, yest” bildiyindən ruslarla arası sazmış, həm də Saday bəyin yaxın dostu imiş.
Saday bəyi bizim camaat çox istəyib. Onun dəstəsini daim ərzaqla təmin edib, gecə evində gizlədib. Əbil də hər gün ona ceyran cəmdəyi gətirirmiş.
Bir gün Salman başı batmış Saday bəyə ismarıc göndərir ki, axşam bizə gəlsin, qonağım olsun, ondan ötrü darıxmışam, burnumun ucu göynəyir.
Saday bəy də dəstəsini götürüb gecə gəlir Salmanın evinə. İçəri girən kimi Saday bəy deyir ki, Salman, bu evdən rus iyi gəlir.
Sən demə, rus əsgərlər evi mühasirəyə alıblarmış, Salman Saday bəyə qurğu qurubmuş. O saat Saday bəy beşaçılanın burnu ilə qapını açıb sıçrayır çölə. Atışma başlayır, atışmanın səsi atları hörüyündən qopardır, qoyun-quzu mələşir, itlər hürüşür... nə isə, ara qarışır, Saday bəy qaçıb özünü verir məşhur Sarıqamışlığa və xilas olur.
Günlər keçir, aylar ötür... Salman gecələr yatmır, bilir ki, Saday bəy bu qisası onda qoymayacaq. Dərdini Əbilə deyir, o da söz vermir, deyir ceyrandan başqa mənim əlimdən heç nə gəlmir.
Bütün tərəkəmə itlərinin hamısı Saday bəyi tanıyırmış. Novruz bayramına bir gün qalmış xoruzun birinci banında Saday bəy beşaçılanın burnu ilə Salmanın alaçığının köhnə kilimdən hazırlamış qapısını qaldırıb, girir içəri. Salmanı və ailəsini çıxarır çölə. Salman döşənir Saday bəyin ayaqlarına. Heç bir xeyri olmur.
Saday bəy deyir:
- Salman, mən səni öldürsəm, canını qurtaracaqsan. Sənə elə bir cəza verəcəm ki, ömür boyu yadından çıxmasın.
Salmanın arvadı yaylığını salır Saday bəyin ayağının altına, Saday bəy yaylığı saymır. Salmanın 15 yaşında əkiz oğlu varmış. Onların çeçələ barmaqlarını bir-birinə çatır. Deyir, oğlunun ikisini də alnından vuracam. Məni ruslara niyə satdın? Hamı yalvarır, Salman özünü qaldırıb çırpır yerə, qonşu fermadan Saday bəyin bacısı Bikəni gətirirlər. Bikə də yalvarır, xeyri olmur. Saday bəy Salmanın arvadına deyir, ayağımın altına yaylığını sərdiyinə görə oğlunun birini bağışlayıram, get birini seç.
Ana gəlir oğlanlarının yanına, nə qədər eləyir seçə bilmir, qayıdıb yenidən Saday bəyə yalvarır ki, seçə bilmirəm, ikisini də bağışla. Saday bəy yenə “get birini seç” - deyir. Ana yenə seçə bilmir. Axırda Saday bəy sərrast atəş ilə qardaşlarını ikisinə də düz alnının ortasından vurur.
Sizə kimdən deyim, Əbildən. Əbilin kefi o qədər kökəlir ki, atı çapanda üstündə ayaq üstə dururmuş. Sonra isə atı başı üstə çapırmış.
Bir gün Əbil nişan alanda ceyran güllənin düz qabağında başı üstə durur. Əbil atəş açmır. Deyilənə görə, bu, Əbilin ovladığı yüzüncü ceyran olur. Təbiət Əbilə belə etiraz edir. Əbil gəlib görür ki, ceyranın yanında yeni doğulmuş balası var. Əbil kişilik eləyib o vaxtdan tüfəngi atır.
İndi kəndimizin qəbiristanlığında Əbilin qəbri var. Üstünə ceyran şəkli çəkilib, Əbil özü də at belində, tüfəngi də çiynində.
Salmanın oğlanlarının qətlindən sonra Saday bəy xəyanət nəticəsində rus əsgərlər tərəfindən öldürülür. Ondan sonra rus əsgərlər Şirinqum qışlağından çıxıb gedirlər. Onlardan yadigar Şirinqumda 30 metr hündürlükdə gözətçi məntəqəsi qalıb. Salman oğlanlarının ölümündən sonra dəli olur, arvadı isə hələ yaşayır...