Doqquzuncu siniflərin buraxılış imtahanları ortaya hansı mənzərəni çıxarır? Bu sahədə hansı çatışmazlıqlar var? Daha yaxşı nəticələrə nail olmaq üçün hansı yeniliklərin aparılmasına ehtiyac yaranıb?
Lent.az-ın mövzu ilə bağlı suallarını təhsil eksperti Kamran Əsədov cavablandırıb.
Onun sözlərinə görə, 2017-ci ildə ilk dəfə keçirilən yeni model buraxılış imtahanlarının nəticələri bərbad olmuşdu: “Düşünürdüm ki, 2019-cu ildə nəticələr düzələr, amma olmadı. İmtahanda təqdim olunan suallar Dövlət İmtahan Mərkəzinin (DİM) bir neçə gün əvvəl "Abituriyent" jurnalının IX siniflər üçün çap edib satışa çıxardığı xüsusi buraxılışından fərqli idi. Daha çox sual Həndəsədən düşmüşdü. Halbuki, bu tədris proqramında geniş yer tutmur, və ondan bu qədər çox sual salmağa ehtiyac yoxdur. Buraxılış imtahanlarında iştirakçıların minimum bilikləri yoxlanılır, maksimum bilikləri yox”.
K.Əsədov imtahanlarla bağlı şagirdlərlə söhbət apardığını və buna əsasən bir sıra nəticələr çıxardığını deyir: “Söhbət etdiyim şagirdlərin cavablarına görə deyə bilərəm ki, builki riyaziyyat fənnin nəticələri keçən ildən də bərbaddır. Biz bunu DİM-in keçirdiyi IX siniflərin buraxılış imtahanlarının nəticələrinə əsasən deyə bilərik. Əvvəlcə, xatırladım ki, 2008/2009-cu tədris ilindən etibarən məktəbdaxili qiymətləndirmə milli kurikulumun məzmun standartlarına əsaslanır, şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqinə, şagirdin fəaliyyətinin təhsil standartlarına uyğunluğunun müəyyənləşdirilməsinə və ümumtəhsil pillələri üzrə buraxılış imtahanlarının aparılmasına xidmət edir. Şagird nailiyyətlərinin qiymətləndirilməsi standartları gözlənilməklə tədrisin təkmilləşdirilməsi üçün qarşıya məqsədlər qoyur, onlara nailolma istiqamətində əldə edilən irəliləyişləri qiymətləndirir, məktəblərin, qrupların və fərdlərin fəaliyyətlərinin monitorinqini həyata keçirərək nəticələr arasında müqayisələr aparır”.
Ekspertin fikrincə, təlim prosesinin hər hansı bir mərhələsi üçün müəyyən olunan nəticələr əsasında şagirdlərin bilik və bacarıqlarının formalaşma səviyyəsinin qiymətləndirilməsi, təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirməsi hal hazırda 4472 orta məktəbimizdə dövlətin tələb etdiyi standartlara uyğun həyata keçirilmir: “Etiraf edək ki, uzun müddət qiymətləndirmə şagirdə qiymət yazmaq kimi qəbul olunurdu, şagird yalnız qiymət almaq xatirinə oxuyurdu. Qiymətləndirmə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilməlidir və onu idarə edən vacib amil kimi meydana çıxmalıdır. Yeni məktəbdaxili qiymətləndirmə zamanı şagirdlərin təkcə biliklərini yox, eyni zamanda bacarıqlarını da qiymətləndirmək və qiymətləndirmə zamanı fərdi yanaşma tətbiq etmək lazımdır”.
Ekspertin sözlərinə görə, orta məktəblərdə çalışan 151 min müəllimin məkətbdaxili qiymətləndirmə ilə bağlı fəaliyyəti aşağıdır: “Orta məktəblərdə buraxılış imtahanlarının nəticələri ciddi şəkildə təhlil olunmalıdır. Bu həyata keçirilmədiyinə görə də, hər iki IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri çox aşağı səviyyədə olur”.