Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il martın 1-də Daxili İşlər Orqanlarında vakant vəzifələrə qəbul olunmaq istəyən namizədlər üçün test imtahanı keçirəcək.
Lent.az-ın məlumatına görə, imtahan saat 11:00-da Bakı Qızlar Universitetinin binasında (ünvan: M.Sənani küçəsi, 14) təşkil olunacaq və 3 saat ərzində aparılacaq.
Sənəd qəbulu haqqında elan, “Müsabiqənin keçirilməsi Qaydaları", test imtahanının proqramı və fiziki hazırlıq səviyyəsinin minimal normativləri "Mübariz Keşikdə" qəzetində, həmçinin digər Kütləvi İnformasiya Vasitələrində, ölkənin bir sıra şəhər və rayonlarının mətbu orqanlarında dərc olunmuş, DİN-in rəsmi internet saytında yerləşdirilib.
Sənədlərin qəbulu 2014-cü il noyabrın 24-dən dekabrın 24-dək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən aparılıb.
Müsabiqədə iştirak etmək üçün 207 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 124 nəfəri pedaqoji, 83 nəfəri isə hüquq istiqaməti üzrə sənəd verib. İmtahanda namizədlərə 100 sualdan ibarət test kitabçası təqdim olunur. Onlardan 80 sual qanunvericilik, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən test tapşırığıdır. Pedaqoji istiqamət üzrə imtahan verən namizədlərə isə 30 sual qanunvericilik, 30 sual pedaqogika, 20 sual psixologiya, 20 sual məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edən testlərdir.
Hər düzgün cavab 1 balla qiymətləndirilir. Test imtahanında 65 və daha çox bal toplayan namizədlər müsabiqənin yekun mərhələsinə - müsahibəyə buraxılırlar.