DTX-nın müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxıldı - YENİLƏNİB
İyulun 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
APA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.
“Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamına uyğun olaraq Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
Mərasim əsgərlərin meydana gəlməsi ilə başlayıb.
Sonra döyüş bayrağı meydana gətirilib.
Xidməti vəzifələrin icrası zamanı fərqlənən əsgərlərə Fəxri Fərman, xatirə hədiyyələri və valideynlərinə təşəkkür məktubları təqdim olunub.
Bu günün Dövlət Təhlükəsizliyi Xidmətinin Əlahiddə Alayının şəxsi heyəti üçün əlamətdar gün olduğunu deyən Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev həqiqi hərbi xidməti başa vuran əsgərləri və onların valideynlərini təbrik edib, hərbi xidmət zamanı əsgərlərin hərbin sirlərinə dərindən yiyələndiklərini vurğulayıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində Silahlı Qüvvələrin bütün qoşun növlərində olduğu kimi, bu hərbi hissədə də xidmətin yüksək tələblər səviyyəsində təşkili üçün hərtərəfli şəraitin yaradıldığını bildirib.
Dövlət Təhlükəsizliyi Xidmətinin Ulu Öndərin yadigarı olmaqla Azərbaycan dövlətçiliyinin qorunması üçün xüsusi önəm daşıdığını bildirən xidmət rəisi Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu işğal altındakı torpaqların azad edilməsi uğrunda döyüşə hər an hazırdır.
Sonra dövlət himni səsləndirilib.
Daha sonra şəxsi heyət təntənəli marşla tribunanın önündən keçib.
Bu gün Azərbaycan Ordusunda xidmət edən hər bir gənc böyük şərəf hissi ilə hərbin sirlərinə yiyələnir. Vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli işin öhdəsindən layiqincə gələn əsgərlərimiz dünyanın ən qüdrətli ordularından birində xidmətləri ilə qürur duyurlar. Bu gün Azərbaycan Ordusu müasir silah-sursat təminatına və maddi-texniki bazasına görə dünyada lider yerlərdən birini tutur. Amma ən əsas məsələ müstəqil ölkəmizin ordusunda xidmət edən hərbçilərdə olan Vətənə bağlılıq, Vətən sevgisi və ruh yüksəkliyidir. Üzərinə düşən vəzifələri lazımi səviyyədə icra etməyə qadir olan Azərbaycan əsgəri doğma torpağını, xalqını və dövlətini sonsuz məhəbbətlə sevir və Vətən uğrunda canından belə keçməyə hazırdır.
Sonra Birinci vitse-prezident Mehriban Əliyeva tədbirdə iştirak edən valideynlərlə görüşüb, onlarla söhbət edib.
***
14.14
İyulun 1-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması mərasimi keçirilib.
APA-nın xəbərinə görə, mərasimdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak edib.
987