Bu gün Bibiheybət Mədəniyyət evi və qəsəbə kitabxanasının təmirdən sonra açılışı edilib. Səbail rayon İcra Hakimiyyətindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu və Bibiheybət qəsəbəsinin ictimaiyyəti, qəsəbədəki orta məktəbin kollektivi, bələdiyyə üzvləri, ağsaqqalların iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qəsəbədəki Mədəniyyət evi və kitabxananın əsaslı təmiri ilə bağlı həyata keçirilən işlər barədə məlumat verib.
Mədəniyyət və Turizm Nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, respublikamızın bütün bölgələrində, o cümlədən Bakı şəhərində mədəniyyət ocaqları tikilir və ya təmir edilir.
Qonaqlar mədəniyyət evi və kitabxanada əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub, işlərin keyfiyyətindən razı qalıblar. Sonra Mədəniyyət evinin bədii özfəaliyyət kollektivləri üzvlərinin iştirakı ilə konsert proqramı nümayiş etdirilib.