Bəy və gəlin hamamından-REPORTAJ
13 noyabr 2013 21:48 (UTC +04:00)

Bəy və gəlin hamamından-REPORTAJ

Dünyada ilk hamamın harada tikilməsi barədə dəqiq və konkret məlumat yoxdur. Ayrı-ayrı mənbələrdə hamamın yaranması müxtəlif xalqların adı ilə bağlanır. Amma əksər araşdırmalarda ilk hamam ideyasının Şərqdə yarandığı bildirilir.  Bəzi tarixi mənbələrə görə, hamam mədəniyyəti qədim şumerlərdən başlayıb. Dünyada ilk örtülü ictimai hamamın isə təxminən bizim e.ə.  2500-ci ildə tikildiyi bildirilir.

 

Azərbaycan tarixində hamam mədəniyyətinin özünəməxsus yeri var. Hamam həm gigiyenik təmizlik, paklıq və eyni zamanda, istirahət yeri sayılır.

 

Lap qədimdə İçərişəhərin 9 məhəlləsinin hərəsinin öz hamamı olub. İndi bunlardan cəmi ikisi hamam kimi fəaliyyət göstərir. Məşhur "O olmasın, bu olsun" filminin bəzi epizodları bu hamamda çəkildiyi üçün bəzən "Məşədi İbad hamamı" da adlandırılan Ağa Mikayıl hamamı keçmiş ənənələri davam etdirən tarixi məkandır. Xalq arasında "Hamamçılar məhəlləsi" adlanan ərazidə yerləşən Ağa Mikayıl hamamı qabaqcıl texnologiyanın tətbiqi, yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa edilib. Hamam yeni görkəm alsa da, iş prinsipi əvvəlki kimi saxlanılıb. Həftənin 5 günü kişilər, 2 günü  qadınlar üçün nəzərdə tutulub.

 

Təsadüfi deyil ki, Bakı hamamları təkcə memarlıq elementlərinə görə deyil, həm də digər özəllikləri ilə fərqlənir. "İpək yolu" ilə şəhərə gələn karvanlar birbaşa hamama göndərilirdi. Onlara yalnız təmizləndikdən sonra şəhərə girməyə icazə verilirdi.

 

Təkcə Qala kəndində 3 hamam olub. Şor hamamı, Qum hamamı, Bayraməli hamamı. Bu gün həmin hamamlardan yalnız biri fəaliyyətdədir. Adına çox vaxt "cümə hamamı" da deyirlər.

 

“Bu hamamlar içərisində "Qum hamamı" daha qədimdir. Hamam araşdırmalar zamanı təsadüf nəticəsində tapılıb. Hamam uzun müddət zibil və torpaq altında qaldığından ona "Qum hamamı" adı verilib. Hamamda soyunma otağı və hovuzla birlikdə 8 yuyunma otağı var. Buradan təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə edilirdi. İnsanlar burada bir-biri ilə görüşür, alver edir, nərd oynayırdılar.

 

Keçmişdə hamama getmək böyük və dəbdəbəli mərasim idi. Orta əsrlərdən etibarən Azərbaycanda kişi hamamları ilə yanaşı, qadın hamamları da fəaliyyət göstərib. O vaxtdan bəri toydan qabaq evlənənlərin təmtəraqla hamama getməsi adət-ənənəyə çevrilib.

 

APA TV-nin çəkiliş apardığı hamamda da bəy el adəti ilə bəylik hamamına gətirilib.

 

Keçmişdə hamamla bağlı daha maraqlı məqamlar olub. Məsələn, oğlunu evləndirmək istəyən analar qız bəyənmək üçün hamama gedirmişlər. Yəni  oğlanın anası, bacısı gələcək gəlini hamamda görüb bəyənərdilər. Bununla bağlı qədim məsəl də var: "Qızı ya hamamda bəyənərlər, ya da səhər əl-üzünü yuyanda". Elə indi də Bakıda müasir formalı gəlin hamamı fəaliyyət göstərir.

 

“Gəlin hamamı toy mərasimləri silsiləsindən çıxmış hesab olunurdu. Bəy hamamı qalmışdı, gəlin hamamı yox. Bizim gəlinlərimiz toydan iki gün əvvəl rəfiqələri ilə hamama gəlirlər. Həm də su aydınlıqdır. Bu, simvolik olaraq yeni həyata pak şəkildə addım atmaq kimi nəzərdə tutulub.

 

Nə deyirik, həmişə təmizlikdə.

 

Jalə Məmmədli, APA TV

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3568
avatar

Oxşar yazılar