Tanınmış aktyor Bəhram Bağırzadə Avstriya şirkəti ilə birgə “Mənim sevimli yeməklərim” kitabı əsasında “Nuş olsun” əlavəsi hazırlayıb. Lent.az-ın məlumatına görə, yaradıcılıq işində “iPhone 3G S”, “iPhone 4S”, “iPhone 5” smartfonları və “iPad”, “iPad mini” planşetləri üçün milli mətbəximizin reseptləri yer alıb.
31 dekabrdan işə düşəcək əlavə, müəllifin fikrincə, Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə Yeni İl münasibətilə qurmanlara ən dadlı hədiyyə olacaq: “Bunun köməkliyi ilə istənilən şəxs dünyada ən yaxşılardan sayılan milli mətbəximizin gözəl reseptləri ilə tanış ola biləcək. Hələlik o, rus və ingilis dillərindədir, amma tezliklə Azərbaycan və alman versiyaları da istifadəçilərin ixtiyarına veriləcək. “Nuş olsun” əlavəsi Azərbaycan mətbəxi və onun terminologiyası ilə yaxından tanış olmaq, təqdim olunan reseptlər əsasında ən populyar Azərbaycan yeməklərini hazırlamaq və Bakının özünəməxsus restoranlarına baş çəkərək, orijinal yeməklərimizi dadmaq istəyənlər üçün nəzərdə tutulub. “Nuş olsun” milli mətbəximizin ən yaxşı reseptlərini virtual aləmə çıxarıb və onu bütün dünya üçün yaxın edib”.
Qeyd edək ki, əlavənin sloqanı “İki kliklə dadlı Azərbaycan”dır.