“Sağalsam, ayağa qalxıb yenə işləyəcəm”
“Mən ona haqqımı halal edib ayrılmışam. Pis-yaxşı, on üç il bir yastığa baş qoymuşuq. Bəlkə də mən onun sevdiyi qadın deyildim. İstərdim xoşbəxt olsun. Heç kəsə pislik istəmirəm. Mən həyatımı üç balamın gözünün içinə baxaraq yaşayıram. Ondan heç nə istəmirəm. Unutsun məni də, uşaqları da! Xoşbəxt ola bilirsə, olsun!”
Bunu 44 yaşlı Lətafət Hüseynova deyir.
Bir neçə gün əvvəl redaksiyamıza məktub gəldi. Məktubda üç az yaşlı uşaq anasının ağır xəstə olduğu və ailənin çox ağır vəziyyətdə yaşadığı bildirilirdi. Ailənin kirayə yaşadığı həmin ünvana yollandıq. Qapını Lətafət xanımın kiçik qızı Fəridə açdı. Özü yataqdaydı, dura bilmirdi. Söhbət əsnasında məlum oldu ki, Lətafət xanım xərçəng xəstəsidir.
- İki qızım vardı, Şəhlaxanım, Fəridə. Ariflə çox istəyirdik ki, bir oğlumuz da olsun. Nəhayət, 2008-ci ilin iyununda Vahid doğuldu. Oğlum qucağımda altı aylıq olanda süd vəzimdə şiş gördüm. O vaxt Moskvada yaşayırdıq. Mən Türkiyədə bir şirkətin Rusiyadakı nümayəndəliyində tərcüməçi, yoldaşım hüquqşünas işləyirdi. Bakıya növbəti gəlişimdə həkimə getdim. Həkimlər bunun xoş və ya bəd xasiyyətli şiş olub-olmadığını bilmək üçün məni biopsiya etdilər. Məlum oldu ki, əməliyyat olunmağım o qədər də vacib deyil. İşimlə əlaqədar Türkiyəyə gedəndə orda da həkimə getdim. Orda təkrar biopsiya oldum. Türk həkimlər kimya terapiyanın çox erkən olduğunu, ümumi immunitetimi qaldırmaq üçün dərman qəbul etməyi dedilər. Müalicə üçün beş il gecikdim. Və beş ildə də həyatımızda çox şey dəyişdi.
Bu beş il ərzində başı oğlunun müalicəsinə qarışan Lətafət xanım özünü unudur. Bu səbəbdən də xəstəliyi daha da artır. Gah uşağı, gah da ananı müalicə etdirmək ailədə ər-arvad arasında yavaş-yavaş problemlər yaradır. “Xəstə bir qadın heç kəsə lazım deyilmiş”, - deyib göz yaşlarını görməyim deyə üzünü o yana çevirir. Zamanında çox imkanlı olan bu qadın indi kömək üçün kiməsə əl açmağa utanır. Xəcalətini gizlətmək üçün danışanda gözlərimə belə baxmır. Gözünü bir nöqtəyə zilləyib davam edir.
- Sonda yoldaşım bizə baxmaqdan imtina etdi. Dedi ki, mən artıq bacarmıram, yorulmuşam. Mənim imkanım yoxdur müalicə etdirəm nə səni, nə uşağı. Onun özü də o zaman xəstə idi. Ürəyindən müalicə alırdı. Amma mən olsaydım, qara fəhləlik edərdim, amma onu tək buraxmazdım. 2012-ci ildə uşaqlarımı da götürüb vətənə qayıtdım. Burda ev kirayə tutdum, qızları evə yaxın 10 saylı məktəbə yazdırdım. Məktəbin direktoru Leyla xanımdı. Demək olar ki, göydə Allah, yerdə o mənə kömək oldu. Azərbaycanda tanıdığım birinci yaxşı insan o oldu. Mən ona vəziyyətimi danışdım. Mən niyə bura köçmüşəm? Hansı vəziyyətdə köçmüşəm?
Üç–dörd saat ayaq üstə qalanda ayaqlarımda bərk ağrılar olurdu. Amma yenə işləyirdim. Zamanla hiss etdim ki, iş qabiliyyətim azalır və məcbur qalıb işdən çıxdım. Moskvadan nə gətirə bilmişdiksə, hamısını az-az satdım ki, balalarım ac qalmasın. 43 yaşım vardı deyə, məni mağazaya satıcı belə götürmürdülər ki, yaşınız çoxdu. Bizə cavan qızlar lazımdı. İbtidai sinif müəlliməsiyəm, Pedaqoji Universiteti bitirmişəm. Pulum ancaq evin kirayəsini verməyə yetirdi. Mənə kömək edəcək, əl tutacaq bir kimsəm yoxdu. Uşaqların atasından da mənə heç bir dəstək yoxdu. Mən anamı, atamı, qardaşımı erkən itirmişəm. Öz doğma ailəmdən kimsəm qalmayıb. Bəzən elə olurdu ki, kiminsə evini yığışdırmağa gedirdim. Əlimə pul düşən kimi tez uşağı həkimə aparırdım. Bu uşağın bioloji yaşı beş olsa da, sümük yaşı ikidir. Əməliyyat etdirmək lazımdı. Özümü unudub imkanım daxilində balamı müalicə etdirirdim. Son yeddi ay olardı ki, sümüklərimdə kəskin ağrılar hiss etməyə başladım. Elə bilirdim, əsəbdəndi. Bir iki dəfə nervpotoloqa da getdim. Son üç ayda artıq çəliklə yeriyirdim. Travmatologiya İnstitutuna getdim. Ayağımı rentgen elədilər. Onda həkim mənə dedi ki, sənin sümüklərində onkoloji metastaz görülür. Sol bud sümüyüm çox yeyilmişdi. Əlacsız qalıb yenə Leyla xanımın üstünə getdim. O, məni tanış bir həkimin yanına göndərdi. Həkim Təbrizdən gəlmişdi. Mənə dedi ki, sənin burda müalicə olunmağa pulun çatmaz. İmkan et gəl Təbrizə, səni orda müalicə edək. Leyla xanımın köməkliyi ilə sentyabrın yeddisi Təbrizə getməliydim. Ayın dördü idi. Dedim uşaqlar evdə tək qalacaqlar. Heç olmazsa, gedim onlara bir az ərzaq alım. Bazarlıq elədim. Qızlara zəng etdim ki, gəlib kömək etsinlər. Uşaqlar qalxdı, mən qalxmaq istəyəndə yıxıldım, bud sümüyüm sındı.
Lətafət xanımı ordan birbaşa onkologiya xəstəxanasına aparırlar. Orda həkimlər onun ayağına baxıb deyirlər ki, bud sümüyün birləşmə ehtimalı demək olar ki, yoxdur. Yəni, sinəsindəki şiş sümüyündə törəmə (metastaz) yaradıb. Ancaq endoprotez qoyulsa, sağala bilər. Onkologiya ilə bağlı mənə nə lazımdırsa, orda həkimlər təmənnasız edirlər. Lakin bu protez onların sahəsinə daxil olmadığı üçün bunu xəstə özü almalıdı.
- Protezin qiyməti isə Azərbaycanda dörd min manatdı. İtaliyadan sifarişlə gətizdirirlər. Ömürlük budla çanaq arasına taxılır. Mənim bu əməliyyata girməyim üçün hələ hazır olmadığımı dedilər. Törəmənin dayanması, əməliyyatın uğurlu olması üçün həkimlər iki dənə kimya terapiyadan keçməyimin məsləhətli olduğunu dedilər. Oranın şöbə müdirinə minnətdaram. Eşidəndə ki, şöbəsində belə bir xəstə var, tez mənim yanıma gəlmişdi. Mən depresiyadaydım. Elə hey deyirdim, aparın məni evə. Evdə ölmək istəyirəm. Onlar zorla məni köçürdülər kimya terapiya şöbəsinə.
Qəhər onu boğur. Güclə eşidilən səslə: “Artıq birinci terapiyadan keçmişəm. Qalıb ikinci. O da bu yaxınlarda olacaq. Ondan sonra həkimlər əməliyyata girə biləcəyimi deyirlər. Lakin mən hələ də o protezi almamışam. Bu vəziyyətimlə heç ala da bilməyəcəm. Mənə kömək edin. Mən sağalıb balalarımı böyütmək istəyirəm. Protezim alınsa, sağalsam ayağa qalxıb yenə işləyəcəm”.
Bunu deyən üç uşaq anası əlindəki dəsmalı gözünə basır. Otağa sükut çökür. Eşidilən sadəcə onun hıçqırtıları olur.
Bu ana, bu insan yataq xəstəsidi. Başsız qalan ailə kimlərinsə yardımı ilə dolanır. Bu gün onların mətbəxində qazan qaynayıb qaynamayacağı da kimlərinsə yardımdan asılıdı. Yardım varsa, yemək var. Yoxdursa, ümid qalır növbəti günə.
...Bu gün onlara çörək verən olubmu?