“Mən Yer üzündə müəllimdən yüksək ad tanımıram”.
Heydər Əliyev
Müəllimlik həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşədir. Müəllim əməyi əsl fədakarlıq nümunəsidir. O, təhsildə aparıcı sima, ən nüfuzlu şəxsdir. Xalqın tərəqqisi məktəbdən, məktəbin tərəqqisi isə müəllimdən başlayır.
5 oktyabr Azərbaycanda müəllimlər günü kimi qeyd olunur. Bu günün də öz yaranma tarixi vardır. 5 oktyabr 1966-cı ildə UNESCO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən “Müəllimlərin statusu haqqında” ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix UNESCO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Hazırda bu tarix dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə qeyd olunur. Məsələn, Albaniyada 8 mart, Cənubi Koreyada 15 may, Argentinada 11 sentyabr, Çində 28 sentyabr, Özbəkistanda 1 oktyabr, Türkiyədə 24 noyabr tarixləri Müəllimlər Günü kimi qeyd olunur. Ölkəmizdə isə bu gün 1993-cü il 5 oktyabrdan rəsmi şəkildə qeyd edilir.
Müəllim cəmiyyətin aparıcı qüvvəsidir desək yanılmarıq. Çünki cəmiyyətin parlaq gələcəyi müəllimin əlindədir. Belə bir deyim var: bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin savadsız olması kifayətdir; biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən şikəst edəcəkdir. Həkimi də yetişdirən müəllimdir. Müəllimlik çətin, məsuliyyətli, eyni zamanda, şərəfli və müqəddəs bir peşədir. Müəllim insanı həyata hazırlayan, onun dünyagörüşünü, mənəvi dünyasını və ictimai-siyasi baxışlarını formalaşdıran dəyərli varlıqdır. Müəllimin vəzifəsi, işi təkcə hansısa fənni tədris etməklə, bilik verməklə bitmir. O, geniş dünyagörüşünə, milli-mənəvi dəyərlərə, yüksək mədəniyyətə, intellektə, mənəviyyata malik, xalqa, vətənə sadiq, hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirir. Cəmiyyətin qurucusunu, onu idarə edənləri: fəhləni, mühəndisi, baytarı, alimi, həkimi və s. – hər kəsi tərbiyə edən müəllimdir.
Ulu öndər Heydər Əliyev müəllim haqqında demişdi: “müəllim yeganə şəxsiyyətdir ki, cəmiyyət özünün gələcəyini- uşaqların tərbiyəsini yalnız ona etibar edir”. Ona görə də müəllimlik həm şərəflidir, həm də məsuliyyətli. Azərbaycan müəllimlərinin XI qurultayında geniş məruzə ilə çıxış edən Ümummilli Lider demişdir: “Azərbaycan müəllimlərinin tam əksəriyyəti layiqli müəllimlərdir. Əgər bunlar belə olmasaydı, Azərbaycanın bugünkü elmi, iqtisadiyyatı, mədəniyyəti, yüksəlişi ola bilərdimi?” Hələ o dövrdə dövlət başçısı müəllimlərin əməkhaqlarının artırılması, onlara fəxri adların verilməsi ilə bağlı dəfələrlə sərəncamlar imzalamışdır.
Respublikamızda müəllim kadrlarının hazırlanması və onların təkmilləşdirilməsi də həmişə diqqət mərkəzində olmuşdur. Bir neçə ali və orta ixtisas məktəbimiz müəllim kadrları hazırlamaq sahəsində böyük təcrübəyə malikdir. Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Qızlar Universiteti ilə yanaşı, son illər Azərbaycan Müəllimlər İnstitutu və onun filialları da yüksək ixtisaslı müəllim kadrları hazırlayırlar. Bakı Pedaqoji Kollecinin də bu sahədəki fəaliyyəti xüsusi qeyd edilməlidir.
Son illər müasir avadanlıqlarla təmin olunmuş yeni məktəblər tikilir, təhsilin keyfiyyəti yüksəlir, müəllimlərin sosial-məişət problemlərinin həlli istiqamətində müəyyən dövlət tədbirləri həyata keçirilir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da bu məsələ əsas hədəflər sırasındadır. Strategiyada həmin istiqamətdə bir sıra tədbirlərin həyata keçirilməsi qarşıya qoyulmuş, o cümlədən səriştə və nəticə əsaslı diferensiallaşdırılmış əməkhaqqı sisteminin yaradılması nəzərdə tutulmuşdur. Prezident İlham Əliyevin “Dövlət ümumtəhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 2015-ci il 16 yanvar tarixli sərəncamı bu istiqamətdə atılan önəmli addımlardan biridir.
Unutmayaq ki, müəllimlər cəmiyyəti savadlı gələcəyə, xalqımızı işıqlı sabaha aparan şəxslərdir. Onlar öz ziyası, nuru ilə təkcə şagirdlərinin yoluna deyil, bütün cəmiyyətə işıq saçmalıdır. Eyni zamanda gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxslərdir. Bütün müəllimlərin bayramını təbrik edir, Azərbaycanın xoşbəxt gələcəyi naminə çəkdiyiniz fədakarlığın, sonsuz zəhmətinizin töhfəsini görməyi arzulayırıq!
Nailə Məmmədova
“Azerbaijan Realities”