Bakı Ali Neft Məktəbinin (BANM) konfrans zalında ABŞ-nın “Halliburton” şirkəti ilə “Əməkdaşlıq haqqında razılaşma”nın imzalanma mərasimi keçirilib.
BANM-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mərasimi açan rektor Elmar məktəbin yaranma tarixi, 2 illik fəaliyyəti ərzində əldə etdiyi uğurlar haqqında məlumat verib, Azərbaycan prezidenti İlham Əliyevin yüksək ixtisaslı mühəndis kadrların ölkənin ali təhsil müəssisələrində hazırlanmasına xüsusi önəm verdiyini və bu məqsədə çatmaq üçün tədris prosesində ölkədə fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlığın BANM-in fəaliyyətinin prioritetlərindən olduğunu vurğulayıb.
“Halliburton” şirkətinin Qərbi Xəzər regionu üzrə direktoru Rəndi Gilçrist Azərbaycanda BANM kimi müasir ali təhsil müəssisələrinin yaradılmasını yüksək qiymətləndirib, rəhbərlik etdiyi şirkətin ingilis dilində müasir proqramlar və texnologiyalar əsasında təhsil almış mütəxəssislərə böyük ehtiyacı olduğunu bildirib və imzalanacaq saziş çərçivəsindəki tədbirlərin mütəxəssis hazırlığının keyfiyyətinə müsbət təsir göstərəcəyinə əmin olduğunu vurğulayıb.
Daha sonra rektor Elmar Qasımov və cənab Rend Gilçrist iki tərəf arasında “Əməkdaşlıq haqqında razılaşma” imzalanıb.
İmzalanmış sənəddə BANM-in kitabxana-informasiya resurslarının zənginləşdirilməsi, şirkətin mütəxəssisləri tərəfindən tələbələrə mühazirələrin oxunması, tələbələrin şirkətdə istehsalat təcrübəsinin təşkili, BANM-in şəhərciyində müasir tədris laboratoriyalarının yaradılması, şirkətin mütəxəssislərinin müəllim kimi tədrisə cəlb olunması, tədris prosesinin proqram təminatı ilə təchiz edilməsi, istedadlı tələbələrə təqaüdlərin və mükafatların verilməsi, onlar üçün kursların təşkili və karyera imkanlarının yaradılması üzrə birgə tədbirləri həyata keçirmək nəzərdə tutulub.
Mərasimin sonunda Rəndi Gilçristə BANM-nin “Fəxri qonaq” diplomu təqdim edilib.