<span style="color:red;">Bal seçimi başlayır:  saxta olduğu necə müəyyən ediləcək?
10 sentyabr 2019 16:08 (UTC +04:00)

Bal seçimi başlayır: saxta olduğu necə müəyyən ediləcək?

Bakıda növbəti bal yarmarkası təşkil olunacaq. Xüsusi nəzarət edilməsinə baxmayaraq, hər kəs yarmarkadan da bal alarkən onun keyfiyyəti ilə maraqlanır. Balın təmiz olub-olmamağını bəzi insanlar bir çox üsullarla yoxlasalar da, texnologiyanın inkişaf etdiyi dövrdə bəzən ustalıqla hazırlanan keyfiyyətsiz balı keyfiyyətli məhsuldan ayırmaq çətin olur. 
 
Bəs saxta, tərkibində qatqı olmayan balı necə müəyyən etmək olar? Ən əsası, bu məsələ yarmarka şəraitində necə həyata keçiriləcək?
 
"Dövlət Aqrar Ticarət Şirkəti" Məhdud Məsuliyyəli Cəmiyyətin informasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Mayis Musayev Lent.az-a bildirib ki, yarmarkaya gətirilən ballar yoxlanıldıqdan sonra satışa buraxılır: “Bal yarmarkasını Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Arıçılar Assosiasiyası ilə birlikdə təşkil edir. Təşkilatı məsələləri biz həyata keçirsək də, balın yoxlanılmasına Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Agentliyin əməkdaşları yarmarkaya gətirilən bütün ballardan nümunə götürəcək və yoxlamadan keçirəcəklər. Yoxlamanın nəticəsindən asılı olaraq, standartlara uyğun gələn ballar yarmarkalarda satışa buraxılacaq”. 
 
M. Musayevin sözlərinə görə, hazırda qeydiyyat aparılır: “Ayın 11-nə kimi qeydiyyat məsələləri həll olunacaq. Qeydiyyatdan keçmiş arıçılar arasında seçim müəyyənləşəcək. Yerlər məhduddur, yarmarkada 300 arıçının iştirakı planlaşdırılır. Sonra seçilmiş arıçılara telefon vasitəsi ilə bildiriş göndəriləcək ki, sizin qeydiyyatınız təsdiqlənib. Ayın 13-dən 24-nə qədər seçilmiş arıçılar ballarını gətirib “Meyvəli”də yerləşən anbara təqdim edəcəklər. Məhsullar gəldikdən sonra Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri orada baldan nümunələr götürəcəklər və yoxlayıb nəticələrini bizə bildirəcəklər. Agentliyin müsbət cavab verdiyi bal nümunələrinin sahibləri yarmarkada iştiraka dəvət olunacaqlar”. 
 
Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla da danışdıq. O qeyd etdi ki, balın təbii olmasını adi insanın müəyyən etməsi çətindir: “Çünki ən bahalı kürünü, eləcə də balı saxta yolla istehsal edirlər. Qeyri-peşəkar insanın təbii balı saxtadan ayırması çətin məsələdir. Ancaq həmin iş üzrə mütəxəssis saxta balı qatqısız baldan ayıra bilər”. 
 
Qeyd edək ki, bu il də Kənd Təsərrüfatı Nazirliyi sentyabrın 28-dən oktyabrın 18-dək Nərimanov rayonu, Fətəli xan Xoyski prospekti 10 ünvanında (Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisi) arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkasını keçirəcək.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1708
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar