Hal-hazırda 35 milyondan çox azərbaycanlının yaşadığı İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud olan siyasi, iqtisadi, sosial, mədəni və digər əlaqələrin kökü tarixin dərinliklərinə gedib çıxır. Məlum olduğu kimi, Azərbaycan tarixin müəyyən mərhələlərində farsların hakimiyyəti altında olduğundan xalqlar arasında elmi, mənəvi və mədəni yaxınlıq yaranmış, Azərbaycanda İslam dini yayılmışdır. Və bu gün Azərbaycanla İran arasında olan müstəqil münasibətlərin qurulmasında və möhkəmlənməsində qədimdən mövcud olan yaxınlıq böyük rol oynamışdır.
25 dekabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan İran İslam Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 12 mart 1992-ci ildə yaradılmışdır və bu münasibətlər müəyyən dövrlərdə mövcud olan anlaşılmazlıqlara baxmayaraq bu günə qədər qorunub saxlanmışdır. İran-Azərbaycan münasibətləri yalnız ikitərəfli deyil, həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı, ECO, Qoşulmama Hərəkatı təşkilatları çərçivəsində çoxtərəfli əməkdaşlıq mövcuddur.
Bu il aprelin 9 – da Prezident İlham Əliyevin İran İslam Respublikasına rəsmi səfəri münasibətlərin inkişafı yönündə atılmış mühüm addımlardan biri oldu. Səfər çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani və İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei ilə geniş tərkibdə danışıqlar aparmış Prezident İlham Əliyev səfərin İran-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm addım olacağını bildirmişdir.Əlaqələrin iqtisadi, sərmayə qoyuluşu, energetika, hərbi, neft-qaz, humanitar və mədəniyyət sahəsində əməkdaşlığın dərinləşməsinin vacibliyini vurğulayan Azərbaycan Prezidenti, həmçinin Dağlıq Qarabağ münaqişəsi, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımları, tarixi, dini abidələrimizin ermənilər tərəfindən dağıdılması faktlarını da görüş iştirakçılarının diqqətinə çatdırmışdır və İran İslam Respublikasının bu münaqişə ilə bağlı ortaya qoyduğu mövqenin ədalətə, beynəlxalq hüquqa əsaslandığı üçün onlara minnətdarığını bildirmişdir.
Həmçinin İran prezidenti Həsən Ruhani də Azərbaycan və İranın iki yaxın qonşu, dost, qardaş və həmməzhəb ölkələr olduğunu, eləcə də ölkələr arasındakı səmimi münasibətlərin regionda sülhün, əmin-amanlığın və təhlükəsizliyin xeyrinə olduğunu vurğulamışdır.
Səfər çərçivəsində iki ölkə arasındakı münasibətlərin hüquqi bazasını möhkəmləndirəcək bir sıra müqavilələrə də imza atılmışdır:
- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın idman və gənclər naziri Mahmud Qudərzi arasında “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə İran İslam Respublikasının İdman və Gənclər Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
- Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İranın daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli arasında “Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə İran İslam Respublikasının Daxili İşlər Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
- Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və İranın yol və şəhərin inkişafı naziri Abbas Axundi arasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərin İnkişafı Nazirliyi arasında meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu”;
- Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın energetika naziri Həmid Çitçian “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş”.
Beləliklə, səfərin gedişatı göstərir ki, istər prezidentlərin görüşləri, istər nazirlər səviyyəsində keçirilən görüşlər, istərsə də imzalanan müqavilələr Azərbaycan və İran İslam Respublikası arasında əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaradacaq.
Ləman Xəlilova
"Azerbaijan Realities"