"Kasıb-kusubdan alıb üstünə əlli qəpik, bir manat qoyub satırıq" . Bunu Bakının "Rus bazarı"nda alver edən Mehdi deyir. Fotoaparatıma işarə edib bığaltı qımışır da: “Deyəsən pullu adamsan, bir şey al da”...
...Gülüb keçirəm.
Burada alver edənlər "Rus bazarı" deyirlər öz bazarlarına. El arasında isə "cındır bazarı" kimi tanınır bu bazar. Sabunçu vağzalının qarşısında, 62 nömrəli avtobusun sonuncu dayanacağında yerləşir. Əslində bu bazarı bir neçə hissəyə bölünüb. Adına fikir verməyin, meyvə-tərəvəz, paltar, ev quşları və istifadə olunmuş əşyalar satılır bu bazarda. Elə bu səbəbdən də fərqli, qeyri-adi görünür, başqa bazarlardan. Qeyri-adili isə odur ki, bura çox adam təzə mal almaq üçün yox, işlənmiş mallar üçün gəlirlər.
“Cındır bazarı”nın da öz müştəriləri var. Maraqlıdır, bu bazarın cavan alıcıları azdır. Daha çox yaşlılar, əntiq əşya kolleksiyaçıları daha az pul xərcləməklə lazım olanı əldə etmək üçün gəlirlər. Bazarın satıcıları arasında da cavanlar azdır. Çoxu əllini haqlamış insanlardır. Bir az yorğun, bir az üzgün, bir az da ümidsiz...
"Əvvəllər ancaq ruslar bu bazarda alver edirmiş. Müharibədən qabaq. 41-45-dən qabağı deyirəm. Onda toxunma mallar satılırmış. Corab-filan. İndi də belə. Mən iyirmi il olar burdayam", - deyir, köhnə elektrik əşyaları satan bazar sakini. Adını demir. Malı haradan aldığını da. Bunun səbəbini də. Arxamca yanındakı yoldaşına “bir suala cavab verdim, bəs elədi” – deyib mızıldanır.
Burada satılan qəpiklər və əsginaslar qədimliyinə görə qiymətlidir. Bank dəyərlərinə görə, yox. Müxtəlif ölkələrin pul vahidləri satanın fotosunu çəkmək istəyirəm. "İstəmirəm. Nəyə çəkirsən burda? Əvvəl "Tarqovıy"da işləyirdim. Onda "Mir"dən gəlmişdilər, çəkdilər. İndi burdayam. Lazım deyil. Ali təhsilli adamın bu bazarda nə işi? Buranın nəyini çəkirsən e? Çək pulları, qəpikləri".
Arxaya çevrilib əşyalarını düzəldəndə satdığı malların fonunda çəkirəm onu. Üzü düşmür. Amma, buna görə narahat da olmur. Əsas üzü düşməsin. Kimsə bu bazarda işlədiyini bilməsin...
Bu halı çoxunda müşahidə etmək olur. Fotoya düşmək istəməyənlər, üzünü əli ilə örtüb çəkməyimi istəyənlər isə gec razılıq verirlər. Bazarın adımı, satdığı mallarmı, ya alıcılarımı utandırır sanki bəzilərini. Amma vəziyyətlərindən razı qalanları da az deyildi...
Qazancları barədə dəqiq məlumat verməsələr də, qarşılarındakı malın qiymətindən bəlli olurdu ki, buranın qazancı qəpikdən başlayır. Məsələn, bu gün 80 qəpik xeyri ola bilər birinin. Bahalı mallar satan da var idi. Köhnə kompüter və televizorlar, çarpayılar, elektrik əşyaları, ensiklopediyalar, kitablar, çaydan və samovarlar, güzgülər...
Burada uşaq oyuncaqlarından nənələrin kəlağayılarına qədər, ağ ətəkli gəlinlik arxasında daşınan "Xoşbəxt olun!" yazılmış güzgüdən oxlova qədər hər şey satılır. Çoxu işlənmiş olsa da, bəzi satıcılar kustar üsulla hazırlanmış yeni ev əşyaları - oxlovlar, qalayçı əşyaları, təzə qazanlar, başqa məişət əşyaları da satırlar.
Babəkin portreti, geyilmiş ayaqqabının güldanla bir yerdə satılması, Leninin tunc büstü, Monqol pulu, “26-lar”ın fotoları, yaşı əsri ötmüş kitab və jurnallar, işləmə əşyalar və istənilən əşyanın köhnəsi buranı maraqlı edir.
...Bura o qədər də kədərli yer deyil. Amma zamanı dayandırıblar sanki bu insanlar. “Rus bazarı”nın satıcıları və müştəriləri...