Bakıda VII Beynəlxalq Təhsil və Karyera Sərgisi başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, sərgidə çıxış edən təhsil naziri Mikayıl Cabbarov bütün dünyada olduğu kimi Azərbaycanda da təhsilin karyeranın qurulması üçün bir vasitə olduğunu söyləyib.
Mikayıl Cabbarov Bakıda VII Beynəlxalq Təhsil və Karyera Sərgisinin keçirilməsində də əsas məqsədin bu olduğunu bildirib: “Sərgi vasitəsilə işəgötürənlər birbaşa olaraq təhsil ocaqları ilə ünsiyyətdə olacaq. Sərgi ilk növbədə Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrinə bazar iqtisadiyyatı şəraitində öz məhsullarını, təhsillərini tanıtmağa, ikitərəfli əlaqələrin genişlənməsi üçün xarici şirkətlərlə birbaşa əlaqələr yaratmağa imkan yaradacaq. Bu, azərbaycanlı tələbələrə də seçim əldə etmək imkan verir”.
Təhsil naziri Azərbaycan hökumətinin vətəndaşlar üçün dünya standartlarına cavab verən yüksək səviyyəli təhsil imkanlarını yaratmaq istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanın ali təhsil müəssisələrinin bu kimi sərgilərdə daha fəal şəkildə iştirakı onların həm xarici tərəfdaşları ilə birbaşa əlaqələr qurması, həm də ali təhsil müəssisələrinin effektiv idarə olunması sahəsində uğurlu xarici təcrübələrin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir: “Bununla yanaşı, bizim ali təhsil müəssisələrinin bu kimi tədbirlərdən istifadə edərək əmək bazarında öz təbliğatlarını aparmalıdırlar. Sürətlə inkişaf edən iqtisadiyyat üçün yüksək hazırlıq səviyyəsinə malik müasir peşəkarlar tələb olunur. Təhsil Nazirliyi ölkədə və xaricdə fəaliyyət göstərən şirkətlərlə əməkdaşlıq çərçivəsində peşəkar kadrların hazırlanmasına xüsusi diqqət yetirir. Sərgi çərçivəsində də “Müasir Azərbaycan peşəkarları” layihəsinin təqdimatı keçiriləcək. Ümidvaram ki, şagird, tələbə və məzunlarımız sərginin yaratdığı imkanlardan səmərəli şəkildə istifadə edərək yeni təhsil və karyera perspektivlərini dəyərləndirə biləcəklər”.
"İteca Caspian” şirkətinin direktoru Fərid Məmmədov bildirib ki, sərgidə dünyanın 17 ölkəsindən 107 iştirakçısı bir araya gəlib. Bu ölkələr arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digərləri var Sərgidə ali təhsil almaq və ya biliklərini artırmaq istəyən şəxslərə geniş informasiya təklif olunur: “İlk dəfə olaraq, 5 ölkə öz milli stendləri ilə çıxış edir. Ən müxtəlif ixtisaslar üzrə 70-dən çox fakültə, kurs və proqram təklif edən iştirakçılar ziyarətçilərə ölkələrinin təhsil sistemi, eləcə də xaricdə bu və ya digər təhsil proqramının üstünlükləri barədə məlumat verəcəklər. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar”.
Qeyd edək ki, VII Beynəlxalq Təhsil və Karyera Sərgisi oktyabrın 6-dək davam edəcək.