Türkiyə ərazisindən keçməklə Azərbaycana qayıdan hacılardan biri ebola virusuna yoluxma şübhəsi ilə karantinə alınıb. Lent.az-ın xəbərinə görə, bu barədə ANS televiziyasının hazırladığı süjetdə məlumat verilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Lent.az-a açıqlamasında bildirib ki, azərbaycanlı hacılarla bağlı narahatlığa heç bir əsas yoxdur: “Türkiyədən keçməklə ölkəmizə qayıdan hacıların sayı çoxdur. Onların hamısını karantin və yaxud nəzarətə götürmək qeyri-mümkündür. Bəli, Həcc ziyarətindən qayıdanlardan biri ebolaya yoluxma şübhəsi ilə karantinə alınıb. Həmin şəxs özü həkimə müraciət edib. Çünki onda üzə çıxan əlamətlər ebola virusunun simptomları ilə üst-üstə düşüb. Lakin xəstəlik öz təsdiqini tapmayıb. Hacılar da tibbi müayinədən keçiblər. Bildiyiniz kimi, insanları müayinədən keçirməklə onlarda ebolanı aşkarlamaq mümkün deyil. Sadəcə hacılara xəbərdarlıq olunub ki, ebolanın simptomları özünü büruzə verərsə, dərhal həkimə müraciət etsinlər”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Salman Musayev isə Lent.az-a verdiyi açıqlamasında bu cür xəbərlərin əsası olmadığını qeyd edib: “Qısa və konkret deyirəm ki, belə xəbərlərin heç bir əsası yoxdur, yalandır”.
Taun Əleyhinə stansiyanın laboratoriya müdiri Musa Cahanovun sözlərinə görə, ebolaya yoluxmuş xəstələrdə izhal, qusma, səpkilər və xarici-daxili qanaxmalar, yəni mədə, burun, ağız, dodaqdan qanaxma halları müşahidə edilir. Bundan başqa böyrəkdə və ciyərdə pozuntular əmələ gəlir.
Xəstəliyin təmas və qan yolu ilə keçməsi mümkündür. Bundan başqa ebola virusu özünü 2 və ya 21 gündən sonrada büruzə verə bilər. Gizlin dövrdə isə bu virusun hər hansısa göstəricisi olmur və yoluxmuş şəxs heç kimi bu virusa yoluxdura bilməz.
Lent.az-ın məlumatına görə, bu il Həcc ziyarətinə Azərbaycandan təxminən 3 min 600 zəvvar iştirak edib.