Azərbaycanın milli təhsil sisteminin əsas elementləri açıqlandı
26 sentyabr 2013 16:57 (UTC +04:00)

Azərbaycanın milli təhsil sisteminin əsas elementləri açıqlandı

“Təhsil sahəsində nəticələr əldə etmək üçün bizim baxışımız və strategiyamız vacibdir”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov Amerika-Azərbaycan Ticarət Palatasının (AMCHAM) təşkilatçılığı ilə keçirilən işgüzar görüşdə çıxışı zamanı bildirib. Nazir vurğulayıb ki, təhsil sisteminin biliklərin bölüşdürülməsi və vətəndaşın formalaşdırılması kimi əsas iki vəzifəsi var: ”Biz inkişaf etmiş ölkələrin siyahısına baxsaq görərik ki, həmin ölkələrin təhsili inkişaf edir. Həmin ölkələrdə əsas  kriteriyalar ölkələrin zənginliyi, təhsil sistemi və eyni zamanda,  insanların biliklərinin çox olmasıdır. Çünki hər bir ölkənin dünyada mövqeyini insanların bilikləri və insan kapitalı müəyyənləşdirir”.

Təhsil nazirinin sözlərinə görə, Azərbaycanda da insanların bilik səviyyəsi yüksəkdir. “Amma eyni zamanda bizim bir çox çağırışlarımız da var. Sual yaranır, biz indiki olduğumuz yerdən olacağımız yerə necə çatmalıyıq. Azərbaycanın milli təhsil sistemi 5 əsas elementdən ibarət olacaq”-deyə, nazir əlavə edib.

 

Nazirin sözlərinə görə,  qeyd olunan 5 əsas elementdən birincisi müəllimlərdir. Müəllimlərlə bağlı ölkədə ciddi işlər görülməlidir: ”İkinci element görülən işlərin mahiyyəti ilə bağlıdır. Yəni  orta məktəblərdə, universitetlərdə gənclərə nələr öyrədilməlidir. Üçüncü element  idarəetmə ilə bağlıdır və bu da vacib məsələlərdəndir. Dördüncü  element təhsilin infrastrukturu ilə bağlıdır. Beşinci element isə resurslarla bağlıdır. Yəni bura maliyyə resursları daxildir. Bu məsələyə hər zaman diqqət etmişik. Bu gün özəl məktəblərin bank hesabları olsa da, dövlət məktəblərinin bank hesabları yoxdur və onlar mərkəzləşdirilmiş formada fəaliyyət göstərirlər”.

 

M. Cabbarov qeyd edib ki, Azərbaycanda 50 min məktəb müəllimi var və bu da o deməkdir ki, 1 müəllimə 8,5 şagird düşür: ”Koreyada bir müəllimə  təxminən 35, Rusiyada 18 şagird düşür. Bu o deməkdir ki, Azərbaycan məktəblərində şagirdlərə müəllimlər daha çox diqqət yetirir. Biz əgər qapımızı professionalların üzərinə açsaq, onlar təhsilin yüksəlməsinə öz töhfələrini verəcəklər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1527

Oxşar yazılar