Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarların səfərlərinin başlanma tarixi dəyişib.
Qafqaz Müsəlmanları İdarəsindənAPA-ya verilən məlumata görə, Həccə ziyarət oktyabrın 2-si yox, 3-dən başlayacaq.
Buna səbəb səfər uçuşlarını həyata keçirən aviaşirkətin uçuş şərtlərində dəyişikliklər etməsidir. Ziyarət oktyabrın 8-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycanda Həzz ziyarəti Suriyada baş verən hadisələrlə əlaqədar ancaq təyyarə ilə həyata keçirilir. Zəvvarlarımızın Həcc ziyarətinə aparılmasını Fransanın “France Air” aviaşirkəti təşkil edir.
Zəvvarlar 80 qrupa bölünüb, hər qrupda 45-55 nəfər olacaq.
Oktyabrın 3-də bir reys, qalan günlər isə hər gün 3 reys təşkil olunacaq.
Ümumilikdə bu il Azərbaycandan 3600 zəvvarın Həccə getməsi nəzərdə tutulub.
Azərbaycanda Həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 1-dən başlayıb və mayın 30-da başa çatıb. Sənədlər ziyarəti təşkil edən yeganə qurum olan QMİ-də qəbul olunub. Ziyarət bu il də iki variantda təşkil olunur. Nisbətən zəif şəraitli, gündə iki dəfə yemək verilən hotellərdə qalan zəvvarlar üçün ümumi ziyarət xərci 3250 manat, daha yaxşı şəraitli və yeməkləri daha çeşidli olan otellərdə qalmaq istəyən zəvvarlar üçün ümumi xərc 4100 manatdır (VİP ziyarət).