“Azərbaycan “Əlliliyi olan şəxslər haqqında” BMT-nin Konvensiyasına 2008-ci ildə qoşulub. Beynəlxalq miqyasda “əlilliyi olan şəxs” fikri qəbul olunub. Fiziki qüsurlu, sağlamlıq imkanları məhdud və digər ifadələr işlənmir”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli deyib.
Əlilliyi olan şəxslərin təhsil almaq məsələsi barədə fikir bildirən qonaq qeyd edib ki, təhsil vacib şərtdir. Lakin əlilliyi olan şəxslər hər təhsil pilləsində müəyyən problemlərlə qarşılaşırlar: “İlk növbədə, cəmiyyətin yanaşmasını vurğulamaq lazımdır. İstər vətəndaşlar, istərsə də məmurların yanaşması sivil olsa, əlilliyi olan şəxslər problemlə qarşılaşmazlar. Əlilliyi olan şəxslərin təhsil alması üçün sosial infrastruktur düzgün qurulmayıb. Eyni zamanda, orta və ali təhsil təbəqələrində mütəxəssis çatışmazlığı var. Təhsil haqqında qanunda inklüziv təhsil barədə maddə yoxdur. Artıq 15 ildir ki, bu məsələ ilə bağlı müəyyən işlər görülür, lakin istənilən nəticələr əldə olunmayıb. Amma “İnklüziv təhsil haqqında” proqram var. Əlilliyi olan uşaqlar bir neçə pillədə təhsil alırlar. Azərbaycanda onların sayı 65 minə yaxındır. Təəssüf ki, yalnız 298 nəfər inklüziv təhsilə cəlb olunub. Digər uşaqlar isə təhsilin başqa növlərinə cəlb olunublar. Evdə, xüsusi məktəblərdə və s. Lakin təcrübə göstərir ki, evdə verilən təhsil digəri ilə müqayisədə eyni dərəcədə keyfiyyətli olmur. Əlilliyi olan uşaqların təhsildən geri qalmalarının bir səbəbi də məktəblərdə onların hərəkəti üçün lazımi şəraitin yaradılmamasıdır”.
Qonaq bildirib ki, əlilliyi olan şəxslərin ali təhsil alması üçün müəyyən işlər görülür: “Əlil Təşkilatları İttifaqının Azərbaycanda 10, Avropada isə 4 – Polşa, Avstriya, Yunanıstan və İsveçrə - tərəfdaş təşkilatımızla birgə respublikanın ali təhsil məktəblərində inklüziv təhsil mərkəzinin yaradılması layihəsini yerinə yetiririk. Bu, Avropa Birliyinin layihəsidir. Əsas koordinator təşkilat Xəzər Universitetidir. Bundan əlavə, 5 tərəfdaş ali məktəb də var. Təhsil Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bu layihədə iştirak edir. Xarici tərəfdaşların olması Avropa təcrübəsinin öyrənilməsi və tətbiq olunması baxımından mühümdür. Yeri gəlmişkən, bu layihədə Avropanın 3 ali təhsil müəssisəsi də iştirak edir. Layihə bu il yekunlaşdırılacaq. Hesab edirəm ki, bu mərkəzlər gənclərin ali təhsil almasına şərait yaradacaq. Universitetlər layihəyə maraq göstərir”.
Əlilliyi olan şəxslərin müəyyən bacarıqlarının üzə çıxarılması məsələsinə gəlincə isə, Davud Rəhimli qeyd edib ki, onlar minimum həyat şəraitini normallaşdırmaq üçün müəyyən işlər görürlər: “Xüsusi istedadı olan şəxslər özlərinə məşğuliyyət tapa bilirlər. Respublika miqyasında həyata keçirilən tədbirlərdə, müsabiqələrdə iştirak etmək onlara stimul verir. Əlilliyi olan şəxslərin peşə təhsilinə yiyələnməsi belə, onların gələcəkdə işlə təmin olunacağına zəmanət vermir”.
Davud Rəhimli əlilliyi olan şəxslərin məşğulluq məsələsinə barədə də fikirlərini bölüşüb:
“Qanunvericilik əlilliyi olan şəxslərin işlə təmin olunması ilə bağlı təşkilatlar qarşısında öhdəlik qoyur. İlk növbədə, onlar üçün əlverişli şərait yaradılmalıdır. Ancaq bu, hökümət təşkilatlarına şamil olunmur. Çünki dövlət qulluğu üçün müəyyən proseslərdən keçmək lazımdır. Müəyyən cəhdlər olunur ki, əlilliyi olan şəxslər daha rahat şərtlərlə işə qəbul oluna bilsinlər. Hazırda bu məsələ ilə bağlı işlər görülür”.
Qonaq qeyd edib ki, kommersiya təşkilatları əlilliyi olan şəxslərin işə qəbulu ilə bağlı müraciət edirlər: “Müəyyən təşkilatlar təkliflər var ki, əlilliyi olan şəxslərin işə qəbulunda maraqlıdırlar. Təşkilatın işlə bağlı müraciətlər bazası var. Lakin bir məqamı nəzərə almaq lazımdır ki, müraciət edən təşkilatlar da müəyyən şərtlər irəli sürürlər. Bəzi hallarda bazada onların tələblərinə uyğun mütəxəssis olmur. Bu da sırf təhsillə bağlı məsələdir. Qeyd etmək istərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edirik. Bir neçə işçi qrup yaradılıb. İşçi qruplarda əksər nazirliklər ən azı nazir müavini səviyyəsində təmsil olunur. Təbii ki, əlil təşkilatlarından da nümayəndələr var. Ötən ƏƏSM- də ictimai şura yaradılıb. Burada yalnız QHT –lər təmsil olunur”.
Davud Rəhimli bildirib ki, əlilliyi olan şəxslərin əsas problemi ətraf mühitin əlverişli olmamasıdır: “2012- ci ildə ƏƏSM- nin sifarişi ilə təşkilatımız tərəfindən qaydalar işlənib. Sənəd Nazirlər Kabinetinə təqdim olunub. Amma sənədin təsdiq olunması yubanır və bu, bizi narahat edir. Bu sənədin təsdiq olunması təşkilatlar qarşısında mütləq öhdəlik qoyacaq”.