Azərbaycanda autizmli uşaqların sayı niyə artır?
18 yanvar 2016 19:53 (UTC +04:00)

Azərbaycanda autizmli uşaqların sayı niyə artır?

“İndi autizmli uşaqların sayı artır”...

“Autizmli uşaqların əsas fərqləndirici əlaməti göz kontaktının olmamasıdır”...

“Autizm dərmanla müalicə olunmur”...

“Autizm diaqnozu pediatr və ya psixoloq tərəfindən qoyula bilməz”...

“Autizmli uşaqlara görə ailəyə verilən müavinət həmin uşağın reabilitasiya xərcini ödəmir”...

“Belə ailələrin ən böyük çətinliyi ictimai qınaqdır, bəzən məhz buna gör valideynləri uşağı ictimai nəqliyyata mindirə bilmir, həkimə aparmır, hətta ondan imtina edir”...

“Autizmli uşaq olan ailədə təkrar belə uşağın doğulma ehtimalı 5-15 faizdir”...

“Autizmli uşaqların bərpasında cəmiyyətin onlara olan münasibətinin faydası daha böyükdür”...

“Autizmli uşaqlar qeyri-adi qabiliyyətlərə malik olurlar, onların arasından istedadlı musiqiçilər, rəssamlar, filosoflar, alimlər çıxa bilər”...

 

Bu fikirləri APA TV-də yayımlanan “Sosium” proqramının qonağı psixoloq Gülnar Orucova deyib. Gülnar Orucova son vaxtlar autizmli insanların sayının çoxalmasının səbəblərini izah edib: “Əvvəllər autizm müalicəsi olmayan problem kimi qəbul edilirdi. 2000-ci ilə qədər autizmi şizofreniyanın bir forması hesab edirdilər. Rəsmi statistikada autizmli uşaqların sayı az göstərilir, amma qeyr-rəsmi statistikaya görə daha çoxdur. Valideynlər uşaqlarına həmin diaqnozu qoymaq istəmirlər və fikirləşirlər ki, zamanla düzələcək. Belə uşaqlar daha çox qayğı istəyir, gözləməklə zaman itiririk. Autizm 1 yaş 8 aylıqdan özünü göstərir. Əvvəlcə uşaq bir-iki söz deyir, sonra bu sözlər də itir. Bəzən uşaqlarda ümumi nitqin zəifləməsi də olur, amma autizm artıq klinik diaqnozdur, autizmli uşaqların əsas fərqləndirici əlaməti göz kontaktının olmamasıdır. Onlar bir məkana çəkilib tək oynamaq istəyirlər, əşyalarından ayrılmırlar. Əşyanın özü ilə yox, hissələri ilə oynayırlar. Səbəbsiz yerə ağlayırlar, gülürlər, özləri barədə üçüncü şəxsin dili ilə danışırlar, şəxs əvəzliklərindən istifadə edə bilmirlər”.

 

Qonaq uşaqda autizm əlamətləri hiss olunarsa, dərhal həkimə müraciət etməyi məsləhət görür: “Autizm klinik bir diaqnoz olduğuna görə psixiatra müraciət olunmalıdır, bəzən valideynlər uşağı oftalmoloqa, lor həkimlərinə aparırlar, onlara elə gəlir ki, uşaq görmür və ya eşitmir. Dünya praktikasında autizm dərmanla müalicə olunmur. Aqressivlik, yuxusuzluq zamanı dərman müalicəsi təyin olunur. Autizm diaqnozunu uşaq nevropatoloqları və psixiatr qoymalıdır, diaqnozu pediatrların və ya psixoloqların qoyması doğru deyil. 3 yaşında uşağın danışmamağını valideyn problem hesab eləmir, lakin bu, artıq ciddi problemdir. Hətta bəzən autizm məktəb yaşında müəyyənləşir”.

 

Psixoloqun sözlərinə görə, autizmin reabilitasiyasına ən gec 3 yaşa qədər başlamaq lazımdır: “Uşaqlarda 1-3 yaş qızıl dövr adlanır. 5 yaşdan sonra uşağın nitqinin açılması prosesi ləngiyir. Hətta nitq açılsa belə, o, cəmiyyətə inteqrasiya ola bilmir. Çünki hələ nitqin açılması cəmiyyətə inteqrasiya olunmaq demək deyil. Belə uşaqlar vaxtında reabilitasiyanın köməyilə gələcəkdə ata-ananın, qardaş-bacının köməyi olmadan yaşaya bilər”.

 

Gülnar Orucova autizmli uşaqlara təyin olunan təqaüdün az olduğunu qeyd edib: “Rəsmi statistikaya düşən uşaqlar təqaüd alanlardır. Təqaüd bir neçə illik və ya 18 yaşına çatana qədər verilir. Amma müavinət çox azdır, buna görə də çox valideynlər uşaqlarını rəsmi statistikadan keçirmək istəmirlər. Verilən müavinət uşağın reabilitasiyasını xərcini ödəmir. Üstəlik uşaqlar 10 gün stasionar mərkəzdə yatmalıdır ki, bu da autizmli uşaqlar üçün çətindir”.

 

Autizmli uşaq sahibi olan ailələrin ən böyük çətinliyinin cəmiyyətdəki ictimai qınaq olduğunu təəssüflə vurğulayan qonaq bəzən valideynlərin məhz bu səbəbdən belə uşaqları evdən bayıra çıxarmadığın bildirib: “Valideynə necə qınaqla baxılırsa, o utanır, uşağını  ictimai nəqliyyata mindirməkdən çəkinir. Bəzən belə səbəblərdən valideyn özü öz uşağından imtina edir, əslində valideynə dəstək olmaq lazımdır. Dünya əhalisinin 1 faizi autizmlidir, hər bir ananın dünyaya autizmli uşaq  gətirmək ehtimalı 0,5 faizdir. Bəzən bir uşağı autizmli valideyn ikinci uşağı dünyaya gətirməyə qorxur. Çünki belə halda ikinci uşağın autizmli doğulma ehtimalı 5-15 faizdir. Lakin belə uşaqların ətrafında daha çox insan, ictimai mühit lazımdır”.

 

Gülnar Orucova autizmli uşaqların təlim-tədris müəssisələrində qarşılaşdığı çətinliklərdən də danışıb: “Məktəbəqədər müəssisələr belə uşaqlar üçün xüsusi qrupların olmadığını əsas gətirirlər. Yüksək funksiyalı autizmli uşaqları orta səviyyəli yaşıdları ilə eyni qrupa salmaq daha məqsədəuyğundur. Autizmdə terapiya həftə ərzində 40 saatlıq proqramı əhatə edir. Bunun çox hissəsi evdə tətbiq olunduğundan, analar üçün də maarifləndirmə proqramı verilməlidir. Azərbaycanda inklüziv təhsil sistemi tam formalaşmayıb, məktəb və bağçalarda həmin uşaqlar  aqressiv davrandığına görə onları tez uzaqlaşdırırlar. Lakin əslində autizmli uşaqlar ətraf üçün qətiyyən zərərli deyillər, onlar qayğı və anlayış istəyir, amma ətrafdan bunu görmədikdə daha da aqressivləşirlər. Bu gün autizmli uşaqların bərpasında cəmiyyətin onlara olan münasibətinin faydası daha böyükdür”.

 

Mütəxəssis autizmli uşaqların qeyri-adi istedada malik olduğunu deyib: “Bu uşaqların bacarıqlarını vaxtında araşdırıb, inkişaf elətdirə bilsək, rəssamlığa, musiqiyə daha çox meylli olurlar. Bəzən elə autizmli uşaqlar olur ki, 600 illik tarixi danışır, əslində, bu istedad yox, beynin bilinməyən bir mexanizm tərəfindən proqramlaşdırılmasıdır. Bunu inkişaf elətdirsək, gələcəkdə cəmiyyət bundan yararlana bilər. Amma dövlət reabilitasiya mərkəzlərində elə bir vaxt qoyurlar ki, bunu nəinki inkişaf elətdirmək, hətta həmin vaxt ərzində uşağı adaptasiya eləmək belə çətin olur. Azərbaycanda Nevroloji Mərkəz, Uşaq Xəstəxanası var. Amma burada hər uşağa 15 dəqiqə vaxt məhdudiyyəti qoyulur. Uşaqların sayı çox olduğu üçün müəssisə 15 dəqiqə intervalla uşaqlarla məşğul olmağa məcburdur. Xüsusi məktəblər uşağı 7 yaşdan götürür. Amma belə məktəblərdə elə sistem qurulub ki, uşaq 9-cu sinfə qədər burda oxumağa məcburdur. Regionlarda nəinki autizmli uşaqların müalicəsi, hətta xəstəliyin aşkarlanması çətindir, həm mütəxəssis çatışmır, həm reabilitasiya mərkəzi yoxdur. Regionlarda maddi imkanın nisbətən zəif olması da, Bakıya gətirilib aparılması xərc tələb edir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 507
avatar

Oxşar yazılar