23-25 sentyabr tarixlərində Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planının 12-ci Monitorinq Görüşü və Rəhbər Qrupun 15-ci iclası keçirilib. Baş Prokurorluğun mətbaut xidmətindən Lent.az-a verilən məlumata görə, OECD üzv ölkələrinin, o cümlədən ABŞ, Türkiyə, Qərbi və Şərqi Avropa ölkələrinin, ATƏT, Avropa Şurası, Dünya Bankı və digər nüfuzlu beynəlxalq təşkilatların təmsil olunduğu tədbirlərdə Azərbaycan Respublikasını layihənin ölkəmiz üzrə milli əlaqələndiricisi - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov, layihə üzrə milli ekspert - idarənin böyük prokuroru Elnur Musayevdən ibarət nümayəndə heyəti təmsil etmişdir. Təşkilatçıların dəvəti ilə tədbirlərdə həmçinin vətəndaş cəmiyyətinin nümayəndəsi - Korrupsiyaya qarşı mübarizə Qeyri Hökumət Təşkilatlarının Məlumat Şəbəkəsinin əlaqələndiricisi - Konstitusiya araşdırmaları Fondunun sədri Əliməmməd Nuriyev iştirak edib. 2012-ci ilin dekabr ayında Yüksək Səviyyəli Görüşdə qəbul olunan qərara əsasən 12-ci Monitorinq Görüşündə Azərbaycanın üçüncü raund dəyərləndirilməsinə dair hesabatı dinlənilib.
Cari ilin birinci rübündə Azərbaycan hökumətinin müvafiq suallar toplusuna uyğun hazırladığı hesabat layihəsindən irəli gələn məsələlərin aydınlaşdırılması məqsədilə Şəbəkənin Katibliyi və Rumıniya, Litva, Ukrayna, Qazaxıstan və Tacikistandan olan ekspert qrupu 3-7 iyul tarixlərdə Bakıya müşahidə səfərini həyata keçirərək bir sıra dövlət qutumları və qeyri-hökumət təşkilatları, özəl sektor, xarici və beynəlxalq nümayəndəliklərin üzvləri ilə görüşüblər. Bunların nəticəsində hazırlanmış, özündə əvvəlki, yəni ikinci raund dəyərləndirmənin nəticəsində verilmiş tövsiyələrin icra vəziyyətini müəyyən edən qiymətlərini və yeni tövsiyələri əks etdirən hesabat layihəsi əvvəl ekspertlər qrupu ilə müzakirə edilmiş, daha sonra isə iki oxunuşda Monitorinq Görüşündə üzv ölkələrinin nümayəndələrinin müzakirəsinə çıxarlaraq qəbul edilib. Azərbaycanda korrupsiyaya qarşı mübarizənin strateji təşkili, bu prosesdə vətəndaş cəmiyyətinin iştirakı, tədqiqatların və sorğuların aparılması, treninqlərin təşkili, ixtisaslaşmış qurumların səmərəliliyinin artırılması, korrupsiya əməllərinə görə cinayət məsuliyyətinin və hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə məsuliyyətinin nəzərdə tutulması, müsadirənin tətbiqinin gücləndirilməsi, satınalmalarda və məhkəmə sistemində korrupsiyanın qarşısının alınması, dövlət qulluğunda və siyasi partiyaların maliyyələşdirilməsində şəffaflığın artırılması, özəl sektorda dürüstlüyün təşviqi sahələrində verilmiş tövsiyələrin icrası qənaətbəxş hesab edilib.