Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunun alimləri Avstriyanın paytaxtı Vyanaya səfər edəcəklər. AMEA Geologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, səfər Avropa Geologiya İttifaqının dəvəti ilə baş tutacaq. AMEA-nın vitse-prezidenti, institutun direktor müavini, akademik İbrahim Quliyev, şöbə müdiri, AMEA-nın müxbir üzvü Hətəm Quliyev və Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli aprelin 27-dən mayın 2-ə qədər İttifaqın Baş Assambleyasının işində iştirak edəcəklər.
H. Quliyev bildirib ki, tədbirdə Yer elmləri sahəsində, xüsusən də geologiya və geofizika istiqamətlərində əldə olunmuş yeni nəticələrin müzakirəsi keçiriləcək, bir sıra mühüm məsələlərə dair birgə tədqiqatlar aparmaq imkanları araşdırılacaq. Geologiya institutunun alimləri Yer planetinin təkamülünün fundamental və praktiki problemləri sahəsində ciddi elmi nailiyyətlər əldə ediblər və bu nəticələrin müzakirəsi Baş Assambleyanın elmi proqramına daxil edilib. Azərbaycan alimləri mayın 2-də "Sıxlığın dəyişkənliyi - Yerin struktur və tektono-geodinamik təkamülünün fundamental əsası" adlı məruzə ilə çıxış edəcəklər.