Bir yarpaq qoparırsan ağacdan. İlahi, yarpağı ağaca qaytarmaq olmur.
Bir almanı dişləyirsən, dilimi almaya bitişdirmək olmur.
Qopanlar geri bitişmir. Gedənlər qayıtmır, qayıtsa yazmaq olmur.
Mən yarpağı yapışqanla bərkitdim ağaca.
iki gün sonra yarpaq soldu.
əslində bitişməmişdi ki
əslində bunu bilirdim
yalandan yapışdırdıq çox şeyi.
Möcüzə gözlədikmi, nə?
Bu nədi? Başım çıxmır.
Uğursuz eksperimentlər... Yox, canım, bunun adı ümiddi.
Həyatın sadəcə bir laboratoriya olmadığına ümid etməkdi.
Bax, gör, qopdu yenə, soldu yenə, qurudu yenə ...
Mümkünsüz.
Yalansız olurmu? Olmaz!
Heç kimi aldatmasan da özünü aldadırsan.
Heç kimi üzməsən də özünü üzürsən.
Qopdusa...qopdu demək.
Burda ümid yapışqan rolunu oynayar, rolunu...
Yerinə qaytarmır, calayır sadəcə, yapışdırır.
Bir farfor gəlinciyim var. Günlərin birində qızım oynadırdı, ayağını sındırdı.
Çox bəyənirdim o gəlinciyi. Üzüldüm sözsüz.
Super, təkrar edirəm, super yapışqanla birləşdirdim ayağı.
Yaxşı da yapışdı. Yenə əvvəlki kimi göründü. Bir incə məqam var da, hər dəfə o gəlinciyə baxanda ayağındakı sınığı xatırlayıram. Hər dəfə baxanda bilirəm ki, ayağının biri yapışqanlıdı. Bilirəm ki, sınıb...
Ya əslində qopmur, qopdu kimi görünür, ya da qopur və heç vaxt birləşmir...ya əslində birləşmir.
İkisini də yaşadıq. Qopdu bildiyimiz illərlə həyatın iliyində iltihab prosesi kimi davam elədi. Gördüyün kimi, xoş bir şey kimi təqdim eləmirəm.
Xəstəlik, bədxassəli şiş işdə. Bir gün mütləq öldürəcək. Bir gün mütləq öləcəyik də.
Ölmək ölməkdisə, şişdən ölək.
Yaşantılardan ölək. Əcəldən zəhləm gedir. Ölmək ölməkdisə gedənlərdən ölək, qopanlardan ölək - yaşayıb ölək.
Biz onların getdiyini - itdiyini fərq etmirik elə bil, biz qopdu deyə anlamırıq əvvəlcə.
Sən sözdəki enerjiyə bax, faktı necə dəqiq ifadə edir - “QOP-DU”
Tap-dı, hop-du, qap-dı, hapdı, hopdu, gopdu...hə, bunlar hamısı oldu, oxucum, hamısı oldu...
Qopan, itən, gedən, hopan, qopan, qapan, tapan, gopa basan, haplayan hamısı oldu, hamısı yaşandı...
Qaytarmaq istədiyin varmı, oxucum? Geri almaq istədiyin nəyinsə varmı kimdəsə?
Vay, vay...onlar bizdən nələr alıb aparıblar, nələr çırpışdırıblar
Necə düşünürsən, bu geri qaytarmaq məsələsi - dilimi almaya, yarpağı ağaca geri vermək kimi bir şeydi? Yoxsa gözləyək ağaclar yenidən yarpaqlasın, meyvələsin?..
Görəsən yarpaqları töküləndə, meyvələri dəriləndə ağacdan nəsə itir?
Görəsən almanı vəhşicəsinə dişləyib yeyəndə onu ağrıdır?
Güzgüyə baxıb tanımadığımız üzümüzdə nələrin izi var, İlahi, nələrin ləkəsi, yarası, çapığı var...nə qədər yapışqanlı yer var üzümüzdə, İlahi...
Bu həm də sənin xoşuna gəlir bilirəm.
Gecə-gecə başını xarab elədim. Get yat, yatmasan da düşünmə bu səfeh şeyləri. Məni boş ver... çapıqlar, yaralar... yapışqan... eh...