Aşıq Söyünün qoyunları, Sevdimalının oyunları, sirr qalan söyüş... – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ
21 aprel 2013 12:23 (UTC +04:00)

Aşıq Söyünün qoyunları, Sevdimalının oyunları, sirr qalan söyüş... – TƏRƏKƏMƏ HEKAYƏTLƏRİ

 

Tanınmış şair Qəşəm Nəcəfzadənin Lent.az-a yazdığı “Tərəkəmə hekayətləri” silsiləsi davam edir. Burada şairin uşaqlıq və yeniyetməlik dövründə yaşadığı mühit, tərəkəmə həyatı, adət-ənənələri, müxtəlif xatirələri yer alır...

 

X YAZI

 

Aşıq Söyün tərəkəmə camaatının sevdiyi aşıqlardandı. Tərəkəmədə bir söz var, “qonaq” məsələsi. Həmişə deyirlər, mənim filan yerdə bir qonağım var. Məsələn, mənim atamın Basarkeçərdə bir qonağı vardı. Bəzən qonağın adını unudurduq, sadəcə deyirdik, qonağımız gəldi və yaxud Basarkeçərə qonağımızgilə getdik. Və ya qonağımız qızını ərə verdi və ya qonağımız oğlunu evləndirdi. O da eynən bizə elə deyirdi: - mənim bir tərəkəmə  qonağım var - baş barmağını dik tutaraq - bax belə!

 

İndi Aşıq Söyün çoban Sevdimalının qonağıdır. Neçə adama toy eləyib, hələ indiyə kimi nə uşağı olmayan olub, nə də bir-birindən ayrılan. Onun sazı dua kimi bir şeydi. İnsanın könlünə eşq salır, az qalır evli kişiləri də evləndirə.

 

Sevdimalı da ipləmənin biri. Ürcah olub aşıq Söyünə. Aşıq Söyün nə bilsin ki, Sevdimalı yıxmayan ev min il tikili qalar. Görək Sevdimalı tərəkəmələrin əbədi, əzəli “Qonaq” adətinə necə xələl gətirdi?

 

Sevdimalıının balaca oğlunun sünnət xərcini Aşıq Söyün çəkdi, yəni aşıq tərəfini Söyun boynuna götürdü, behləşdiyi kirvə gec gəldiyi üçün kirvəliyi Aşıq Söyün elədi, qoyunu da Söyün kəsdi, qazanın altını da Söyün qaladı. Beləliklə, Söyün oldu bu evin qonağından əlavə ən əziz kirvəsi. Arvad arvada qarışdı, uşaq-uşağa. Oldular bir evli.

 

Kirvəlikdən sonra Sevdimalı Aşıq Söyünə dedi ki, aşıq adamsan, vaxtın az olur, çöldə-bayırda çox olursan, daha əziz qonağımsan, dağdan ağır kirvəmsən, kənddəki  qoyunlarını gətir qat mənim sürümə. Çoxaldım, hər il gəl bir ucdan apar sat, kəs ye, qonağına kəs, neynirsən elə. Aşıq Söyün bu yerdə saza mizrabla deyil, barmaqları ilə  elə bir daraq çəkdi ki, saz “dırınq” elədi, səsinə qoyunlar hürküşdü, arvad-uşaq çölə çıxdı. Sevdimalı ilhama gəlib yenə saza bir “dırınq” elədi və sonra sazı bir-iki dəfə göyə atıb tutdu. Bunu görən Sevdimalı dedi ki, ay Söyün, sən niyə oğlumun sünnət toyunda sazı belə atıb-tutmadın? Aşıq Söyün dedi ki, balanın dizimə tökülən qanı haqqı yadımdan çıxmışdı. Yenə o qan haqqı böyük toyunda neçə dəfə desən sazı belə atıb-tutacam.

Aşıq Söyün atı minib getdi Sarıxanlı kəndinə cəmi beş qoyunu vardı, qabağına qatıb gətirdi qatdı Sevdimalının sürüsünə. Qoyunlar bir-biri ilə iyləşdi. Sevdimalı dedi ki, sən öl, bu qoyunlar atadan bir, anadan ayrıdılar. Sevdimalının hansı simə vurduğunu heç kəs anlamadı, amma Sevdimalının həm əsgərlik, həm də çoban yoldaşı Kor Böyükağa  dodaqaltı qımışdı, amma bir söz demədi. Aşıq Söyün bir də saza yoğun bir “dırınq” havası verdi, qoyunlar hürküşdü, sonra sazı yenə iki dəfə atıb-tutdu. Kor Böyükağa Aşıq Söyünə yalvardı kı, sən allah nəvəmin kiçik toyunda sazı belə atıb-tutarsan.

 

Aşıq Söyün dedi, baş üstə, lap sənin xətrinə on dəfə atıb-tutaram.

 

Sevdimalı sürünü örüşə apardı.

 

Kor Böyükağa söz gəzdirəniydi - təkcə sazı yox idi - Aşıq Söyünə dedi ki, gəl sənə bir əhvalat danışım, lazımın olar. Aşıq Söyün yenə sazı atıb tutdu, dedi ayə, mən əhvalat üçün ölmürəmmi, elə mən əhvalat gəzmirəmmi? De görüm kimdəndi?

 

Dedi:

 

- Sevdimalıdan.

 

- Ayə, sənin qadan alım, kirvəmdən?

 

Dedi, hə.

 

- Ayə, gör mən kimlə qohum olmuşam, fəxr edirəm Sevdimalıyla, danış gəlsin.

 

Kor Böyükağa başladı, nə başladı.

 

- Kəndimizdə bir molla var, hamı bilir ki, savadsızdı, amma hüzr yerlərində ərəb dilində elə üyüdür ki, qulaq asan  deyir, hüzrüm düşsə hökmən onu gətirəcəm. Sevdimalı bir gün dedi, sən öl bu kişi bizi təsbehinə dolayır, ərəb dilində heç nə qanmır. Sevdimalı başladı ərəb dili bilən axtarmağa. Ora mənim, bura sənin... kimdi ərəb dili bilən? Mən özüm az-maz rus dilində qırıldadıram, bildiyim də ancaq söyüşdü, əsgərlikdə rus uşaqlarına yaxşı söyüşlər söyürdük, elə indi də bir-birimizə söyüşlər söyürük, nədənsə rus dilində olan söyüşlərdən incimirik. Ma elə gəlirdi ki, dili elə birinci dəfə söyüşlə öyrənirlər. Çünki söyüş qədər bizə yaxın olan heç nə yoxdur. Beyləqanın “Türklər” kəndində qaldırıcı kran işlədən bir kişi varmış, saqqallıymış, Sevdimalı ora qonağıgilə gedibmiş, krançını görür, deyir qardaş, molla dilini bilirsən?

 

Deyir hə, Rusetdə 6 il bir mollanın köməkçisi işləmişəm.

 

Aşıq Söyün bu ara deyir:

 

- Sevdimalı özüm kimi adamı gendən tanıyandı...

 

-...Krançı  deyir ki, yadımda ancaq söyüşlər qalıb. Sevdimalı deyir, mənə bir söyüş öyrət. Deyir nə söyüşü? Deyir məsələn, sənin filan yerini belə-belə... O da öyrədir. Sevdimalı söyüşü bərk-bərk əzbərləyir, deyir, bunu kəndimizin mollasına sual kimi verəcəm. Günlər keçir, di gəl ki, kənddə ölən olmur. Sevdimalı bərk dayanır, söyüşü unutmur. Günlərin bir günü gəlir Sevdimalının yaşlı bir xalası var, o ölür. Yenə həmin molla, elə bil Sevdimalnın acığına ərəb dilində dil-dil ötür. Sevdimalı mərhumənin 3-ündə dinmir, 7-sində dinmir, 40-da adamların gur vaxtı əlini qaldırır ki, molla, sənə bir sualım var. Molla da deyir, buyur, ay bala. Sevdimalı söyüşü deyir, mollanı ağlamaq tutur, hərdənbir deyir ki, ay bala, yaman yaralı yerimə toxundun, sonra başlayır bərkdən ağlamağa.

 

Burda söz Aşıq Söyünü yaman tutur, nə “dırınq” eləyir, nə də sazı atıb-tutur. Çünki Aşıq Söyünün arvadı hüzr yerlərində qadın məclislərini aparır. Bu sözün bir ucu da gedib ona çatır. Özü də onu Kor Böyükağa deyə və onun arvadı haqqında da pis bir şey fikirləşməmiş ola. Bu, mümkün deyil.

 

Aşıq Söyün gedir kəndə, günlər keçir, aylar ötür, il dolanır, hərdənbir gəlir Sevdimalının fermasına. Amma arvadını gətirmir, tək gəlir. Çünki bilir ki, fermada ərəb dilində bir söyüş yaşayır.

 

Aşıq Söyün hər gəldikçə Sevdimalı deyir, bax o iri quyruqlu qoç sənindi, sənin qoyununun balasıdır. Hərdən də ağacını bir az irəli uzadıb deyir, o sarı kürə qoyun da sənindi, bu da sənindi, o da sənindi. Beləliklə, Aşıq Söyün hər gələndə əlidolu gəlir, hər dəfə də Sevdimalı göstərdiyi qoyunların sayını artırır, o kəlin qoyuna, bax, o buynuzlu qoç sənin qoyununun balasıdır. Sarı əbrəş qoyun var e, qıraqda otlayan, o da sənindi. Aşıq Söyün hər dəfə də sazı atır göyə, sonra tutur. Əl-ayağı yerə dəymir. Beləliklə, yeddi il keçir...

 

Aşıq Söyün bir gün gəlir Şirinquma, deyir, yəqin qoyunların sayı 30-a çatar, istəyir aparıb satsın, köhnə bir Qaz-21 alsın, sazı da arxaya qoysun. Daha aşığa at-zad yaraşmır. Gəlir Sevdimalının yanına. Sazı yenə atıb-tutur. Deyir gəlmişəm qoyunları aparıb satım, bir maşın alım. Sevdimalı deyir hansı qoyunları?

 

- Mənim qoyunlarımı.

 

- Sənin qoyunların nə gəzir? Heç bir baş da yoxdur.

 

- Bəs sən o qoç göstərirdin ha, quyruqlu, o necə oldu?

 

Sevdimalı ağacı basır sinəsinə, görək nə deyir:

 

Canım sənə desin, ay Aşıq Söyün,

Dediyin iri qoç gör nəyə getdi?

 

Aşıq Söyün dözmür, Sevdimalının sözünü yarımçıq kəsir. Soruşur ki, bəs o sarı kürə qoyun necə oldu?

 

Sevdimalı bir-iki dəfə ağacı göyə atıb-tutur. Sevdimalı aşığı aşıq dilində başa salır:

 

Keçən il qar yağdı, qırıldı qoyun,

Ağ kürə qoyunla cəriməyə getdi.

 

Aşıq Söyün:

 

- Əyri buynuzlu qoç göstərmişdin, bəs o necə oldu?

 

Aldı Sevdimalı:

 

Gecələr çöllərdə yandırdım şamı,

Otdan havalanar çoban ilhamı.

Qaynımı tutdular bir yaz axşamı

O qoç da kəsilib türməyə getdi.

 

Aldı Aşıq Söyün:

 

- Ağ kürə qoyun demişdin, heç olmasa onu ver.

 

Sevdimalı:

 

İnan ki, məndə də inam qalmadı,

Baxginən qoyunlar bircə damladı.

Şaxta bizi kəsdi, gərmə olmadı,

O da ki, bir lafet gərməyə getdi.

 

Aldı Aşıq Söyün:

 

- Heç olmasa özümün verdiyim qoçu qaytar.

 

Aldı Sevdimalı:

 

Gəlmisən ocağa, yurda nə deyim.

Canımı yandıran oda nə deyim.

Şirinqum çölündə qurda nə deyim,

O da canavarın felinə getdi.

 

Aşıq Söyün sazı qoydu yerə. Əliynən dedi, ay kirvə, başına dönüm, bir şişək qoyun vardı, heç olmasa onu qaytar.

 

Sevdimalı bir-iki dəfə ağacı göyə atıb-tutdu və sonra basdı sinəsinə:

 

Allahın verdiyi cana and olsun,

Açılan səhərə, dana and  olsun,

Dizinə tökülən qana and olsun,

O da ki, arvada sürməyə getdi.

 

Aşıq Söyün:

 

- Balaca bir quzu var idi, heç olmasa....

 

Aldı Sevdimalı:

 

Qalmayıb dünyada bərəkət, ruzu,

İtirməz heç bəndə çörəyi-duzu.

Bax indi dediyin o körpə quzu,

“24” nömrəli formaya getdi.

 

Aşı Söyün gördü ki, Sevdimalı ilə bacarmayacaq. Ona görə  sazı qoltuğuna vurub  əliboş yollandı Sarıxanlı kəndinə. Çox fikirləşdi, Sevdimalının ərəb dilindəki söyüşünü və qoyun məsələsində onu aldatmağını unuda bilmədi. Əhvalat kimi də kimsəyə danışa bilmədi. Sevdimalının nanəcibliyi Söyünün aşıqlığına birdəfəlik son qoydu.

 

İndi Sevdimalı ilə Aşıq Söyünün əhvalatı tərəkəmə camaatının dilində əzbərdir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2088

Oxşar yazılar