APA Dağlıq Qarabağ münaqişəsini ən çox işıqlandıran media qurumudur
11 aprel 2014 18:13 (UTC +04:00)

APA Dağlıq Qarabağ münaqişəsini ən çox işıqlandıran media qurumudur

Azərbaycan Mətbuat Şurası (MŞ) Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan materialların monitorinqi ilə bağlı layihənin icrasını davam etdirir. Şuradan Lent.az-a verilən məlumata görə, icrasına martın 1-dən başlanılan layihənin rəhbəri MŞ-nin beynəlxalq əlaqələr komissiyasının sədri, millət vəkili Cavanşir Feyziyevdir.

 

Layihə çərçivəsində gerçəkləşdirilən başlıca fəaliyyət respublikada müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin monitorinqidir. Bu məqsədlə 17 qəzet və 21 onlayn media orqanının gündəlik materialları nəzərdən keçirilməkdədir. Prosesdə KİV-lərin Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə yer ayırmasına xüsusi diqqət yetirilir.

 

Martın yekunlarına əsasən, monitorinqi aparılan KİV-lərdə Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərc olunub. Yazılardan 840-nın (80,2%) onlayn mediada, 208-nin (19,8 %) isə mətbuatda yer aldığı müəyyənləşdirilib. Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Üç nöqtə” qəzeti olub. Onlayn mediada isə ilk üçlükdə APA, AzərTAc və Musavat.com saytları yer alıb.

 

Monitorinq çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşılmasına da diqqət yetirilib. Məlum olub ki, materialların 37 faizi atəşkəsin pozulması ilə bağlı xəbərlərdir. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımının tanınması və Xocalı soyqırımı ilə bağlı tədbirlərin işıqlandırılmasıdır. Mətbuatda getmiş məqalələrin 20 faizi məhz bu mövzudadır. Üçüncü nəzərəçarpacaq meyl isə Dağlıq Qarabağ münaqişəsinin adının Krımda baş verən olaylar kontekstində çəkilməsidir (13,0 faiz). Materialların 12 faizi ATƏT-in Minsk qrupu və digər qurumların Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə həsr olunub. Digər mövzulara isə 18,0 faiz yer verilib.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin mediamızın diqqət mərkəzində saxlanmasının stimullaşdırılmasına hesablanmış layihə çərçivəsində monitorinq növbəti aylarda da davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 986
avatar

Oxşar yazılar