1 saylı Bakı İnzibati - İqtisad Məhkəməsindən APA-ya verilən məlumata görə, ANS qərarın ləğvi barədə iddia qaldırıb. İddia icraata qəbul edilib. İş üzrə hazırlıq iclası aprelin 15-nə təyin edilib. İşə hakim Şərafət Məmmədova sədrlik edəcək.
ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mayis Məmmədov APA-ya açıqlamasında bildirib ki, məhkəməyə yanvarın 10-da efirə gedən “Adam içində” verilişi ilə bağlı müraciət ediblər: “Biz hesab edirik ki, qərar düzgün deyil. Bunun üçün də məhkəməyə müraciət etmişik”.
Qeyd edək ki, bu il yanvarın 14-də Milli Televiziya və Radio Şurasının (MTRŞ) iclası keçirilib.
İclasda “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
10 yanvar 2014-cü il tarixdə saat 16.30-da efirə gedən «Adam içində» verilişində «Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1, 32.0.9, 35.11-ci maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri pozulduğundan MTRŞ-in qərarına əsasən “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.