Anadilin susması
25 sentyabr 2014 10:49 (UTC +04:00)

Anadilin susması

Adətən ölkədə tanınmış simaların nekroloqları belə başlayır: “Azərbaycan elminə, ya incəsənətinə, ya mədəniyyətinə, ya da ədəbiyyatına ağır itki üz vermişdir”.

Bu dəfə itki ədəbiyyatımızın oldu.

Yazıçı Ələviyyə Babayevanı itirdik.

İndiki yeni nəsil gənclər bir yana, hətta məncə, yeni nəsil yazarlar da Ələviyyə Babayevanı tanımadılar.

Tanısaydılar... susmazdılar.

Bir-iki qısa xəbər, bir-iki facebook rəhmətkeşliyi və susqunluq.

Kimsə ağlamadı.

Bir qadın yazarımızın dünyadan köçməsi kimsənin dünyasına təsir etmədi sanki.

Sizə qəribə görünə bilər bəlkə, amma mən sözün hər bir mənasında utandım və qorxdum.

Az qala bizim yazdıqlarımızın vərəqləri qədər tərcümələr, hekayə, povest, roman yazan, uzun illər Azərbaycan Yazıçılar Birliyində məsul vəzifədə çalışmış, bir vaxtlar bütün evlərdə bütün anaların alıb oxuduğu “Azərbaycan qadını” jurnalında məsul katib, "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri, sonra baş redaktor olmuş bir qadın yazar üçün susan bizləri sabah kim ağlayacaq görəsən?

Hansı Anadil?

 

***

 

Mən o vaxt orta məktəbin yeddinci sinfində oxuyurdum.

Məktəbimizdə böyük rus şairi A.S. Puşkinə həsr edilmiş ədəbi-bədii viktorinada rus dilində ən yaxşı ifaya görə kitab hədiyyəsi almışdım.

Qəribə adı vardı kitabın.

“Anadil ağlayırdı”.

Və kitabın müəllifi qadın idi – Ələviyyə Babayeva.

Özüm də yenicə şeirlər, hekayələr yazmağa başlamışdım deyə, qadınların yazdıqları mənə çox maraqlı idi.

O vaxta qədər artıq Əzizə Cəfərzadənin “Bakı 1501” əsərini, Xurşidbanu Natəvanın və Heyran xanımın qəzəlləri olan kitabları, Mirvarid Dilbazinin, Mədinə Gülgünün, Nigar Rəfibəylinin şeir toplularını oxumuşdum.

Eyni maraq və həvəslə yenicə tanıdığım bu qadın imzasının əsərini də oxudum.

“ Mən də bilirəm Allah yoxdur...Amma, səni görüm lənətə gələsən, məni Allahın yoxluğuna inandıran” deyirdi həmin kitabında o, məni o az yaşımda sarsıtmış bu cümlə indiyə kimi dəqiq yadımdadır.

 

***

 

Bilmirəm kim deyib, amma doğru fikirdir ki, birini məhv etmək, yoxa çıxarmaq istəyirsənsə, onu görməzdən gəlmək bəs edər.

Biz – yeni dövrün yazarları, özümüzdən əvvəl ədəbiyyatımızın özülü, bünövrəsi, sütunu, divarı olmuş, ola bilmiş imzaları görməzdən gəlməyə başlayanda nə düşünürdük görəsən?

Özümüzün daha yaxşı yazarlar olmağımızımı?

Axı sonra biz bir-birimizi də görməzdən gəldik?!

Əvvəl ayrı-ayrı qruplar bir-birini görməzdən gəldilər, sonra ayrı-ayrı yazarlar.

Ən sonda isə özümüz özümüzü görməzdən gələcəyik, başqa variant yoxdur hələ ki.

Ədəbiyyatımıza yazıq.

Mən də bilirəm, o yoxdur...Amma səni görüm lənətə gələsən, məni onun yoxluğuna inandıran...

 

P.S. Keçmiş olsun, Ələviyyə xanım...

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 883

Oxşar yazılar