Qəbələ rayonuna yolu düşənlər “vedrə bazarı”ndan agahdır. Bakı-İsmayıllı-Şəki avtomobil yolunun kənarında, Qəbələ rayonun Vəndam qəsəbəsində 25 metr uzunluğu olan bu bazar bazarın hər gün yüzlərlə müştərisi olur.
Bazarda hər növ meyvə-tərəvəzə, dağ ədviyyatına, meyvə qurusuna, alıcıların dili desək, can dərmanına rast gəlmək olar.
Satıcılar deyir ki, bu bazar adına, məhsulların dadına və keyfiyyətinə görə nəinki ölkəmizin hər yerinə, hətta bütün dünyaya səs salıb.
Qəbələyə gələn ərəb turistlər “vedrə bazarı”ndan əsasən dağ moruğunun mürəbbəsini və bal almağa maraq göstərirlər: “Qəbələyə ilk dəfədir gəlirəm. Qəbələdə dincəlib Bakıya qayıdarkən yolda bələdçimiz bizə dedi ki, Qəbələdə meyvə-tərəvəz məhsullarının çəkisiz satıldığı vedrə bazarı var. Bu bizə maraqlı olduğu üçün burada dayandıq. Moruq mürəbbəsi, bal və "qızıl əhmədi" alması aldım. Burada çox dadlı meyvələr, qida məhsulları satılır”.
Satıcıların sözlərinə görə, ilin bütün fəsillərində fəaliyyət göstərən “vedrə bazarı”nda bir günlük qazanc yay mövsümündə 30 manatdan 150 manata, qışda isə 5 manatdan 20 manata qədər olur. Bazarın ilk satıcısı Gül Abdulova deyir ki, burada alış-verişə başlayanda bilməzdi ki, bu bazarın 25 ildən çox fəaliyyəti olacaq və bu cür məşhurlaşacaq.
Bu bazarda vedrə ilə satılan, qoz, fındıq, moruq, alma, armud və digər meyvə-tərəvəzlərlə yanaşı, qış tədarükü üçün doşablara, turşulara, mürəbbələrə də rast gəlmək olur. Amma bəzi alıcılar, məhsulun vedrə ilə satılmasının əleyhinədirlər.
Satıcılar məhsulun adından, dadından, faydasından danışıb məhsulu bir qədər baha satmaq istəyəndə bəzən alıcıların narazılığına səbəb olsa da, sonda razılaşma olur.
Ölkə ərazisində yeganə “vedrə bazarı” kimi tanınan bu bazarda qiymətlər satılan məhsuldan asılı olaraq ən ucuz vedrə 1 manata, ən baha vedrə 5 manata satılır. Alıcıların istəyindən asılı olaraq məhsul vedrə ilə birgə və vedrəsiz də satılır.