Ali məktəblərə qəbul qaydaları açıqlandı - <span style="color:red;">YENİLƏNİB
17 fevral 2014 12:36 (UTC +04:00)

Ali məktəblərə qəbul qaydaları açıqlandı - YENİLƏNİB

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2014/2015-ci tədris ili üçün  ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul qaydalarını və bütün səviyyələrdən olan təhsil müəssisələrinə qəbul imtahanı proqramlarını dərc edib. Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Hər bir abituriyent tələbə qəbulunun hüquqi əsaslarını təşkil edən və ən etibarlı oriyentir rolunu oynayan bu sənədlərlə diqqətlə tanış olub, öz fəaliyyətini onların tələblərinə uyğun qurmalıdır.


“Abituriyent” jurnalının 1-ci sayında bu il ali məktəblərə qəbul qaydaları da əks olunub. Təhsilin istənilən pillə və səviyyəsinə qəbul qaydaları təməl statuslu hüquqi sənəddir. Qəbul prosesinin bütün proseduraları məhz bu sənədə əsaslanır. Qəbul qaydalarında qəbul kampaniyasının bütün mərhələlərini və tərəflərini (ərizə qəbulu; ixtisas qrupları, ixtisasların qruplar üzrə siyahısı; qəbul imtahanı, hər ixtisas qrupunun imtahan fənləri bloku, bunların əhəmiyyətlilik dərəcəsi; ixtisas seçimi; müsabiqə şərtləri; qabiliyyət imtahanları; xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul; abituriyentlərin hüquq və vəzifələri və s.) müəyyən edən başlıca müddəalar, əsas tənzimləyici normalar əksini tapıb. Bu qaydaları bilmək hər bir abituriyentə düzgün istiqamət götürməyə, qəbula hazırlıq işini səmərəli qurmağa, ağıllı ixtisas seçimi aparmağa kömək edəcək.

Jurnalın qəbul proqramları bölməsində ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və hərbi liseylərə imtahan fənləri üzrə qəbul proqramları təqdim edilir. Burada öyrənilməsi zəruri olan tədris materiallarının əhatə dairəsi, həcmi, ardıcıllığı, sistemi, ədəbiyyat siyahısı və s. əks olunub. Proqramlar ümumtəhsil məktəblərinin tədris proqramları və müvafiq dərslikləri əsasında hazırlanıb. Bununla belə, məktəb proqramlarından fərqli olaraq qəbul proqramlarında aşağı siniflərdə keçilən bazis mövzular yuxarı siniflərdə tədris olunan müvafiq mövzularla üzvi surətdə birləşdirilərək vahid sistem halında verilib. Odur ki, qəbul imtahanı testləri məktəb proqramları və dərsliklərindəki bütün materiallara əsaslanmaqla tərtib edilir.

2013-cü ildə olduğu kimi, bu il də bütün ixtisas qruplarında iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq: I ixtisas qrupunda – riyaziyyat və fizika; II ixtisas qrupunda – riyaziyyat və coğrafiya; III ixtisas qrupunda – riyaziyyat və tarix; IV ixtisas qrupunda – riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından da istifadə ediləcək. Açıq tipli test tapşırıqları biliklərin daha dərin səviyyələrinin üzə çıxarılmasına, bilikləri praktikada tətbiqetmə və yaradıcı düşünmə qabiliyyətlərinin qiymətləndirilməsinə, mənimsənilən ilkin kompetensiyaların – səriştəlilik keyfiyyətlərinin yoxlanılmasına yönəlir. Odur ki, şagird və abituriyentlərin açıq tipli test tapşırıqlarının modelləri, forma və tipləri haqqında təsəvvürlərinin daha da genişləndirilməsi, bu tipli tapşırıqlarla işləmək vərdişlərinin inkişaf etdirilməsi üçün onların nümunələri jurnalın bu sayında verilib. Xatırladaq ki, bu tipli testlər həm də siniflər üzrə test kitabları, dərs vəsaitləri və bu yaxınlarda çapdan çıxmış test bankı toplularına daxil edilib. Bu tipli testlərin mütəmadi olaraq sınaq imtahanlarında da təqdim edilməsi də nəzərdə tutulur.

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elanları - Xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Fövqəladə Hallar Nazirliyinin Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunmuşdur. Bu bölmədə həmçinin Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul elanı da təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2181

Oxşar yazılar