Abituriyentləri hansı yeniliklər gözləyir?
09 oktyabr 2013 08:36 (UTC +04:00)

Abituriyentləri hansı yeniliklər gözləyir?

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası növbəti il üçün qəbul imtahanlarının keçirilmə vaxtlarında müəyyən dəyişikliklər edilməsini nəzərdə tutub. Bu barədə Lent. az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Həmin dəyişikliklər yalnız texniki xarakterlidir və qəbul imtahanlarının məzmununa aid deyil. Belə ki, gələn il keçiriləcək qəbul kampaniyası zamanı əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının aprel ayında keçirilməsi nəzərdə tutulur.
Həmin ilin məzunları isə yəni orta məktəbi 2014-cü ildə bitirənlər qəbul imtahanlarını həmişəki kimi iyulda verəcəklər. Ali məktəbi 2014-cü ildə bitirib ikinci ali təhsil almaq istəyən məzunlar, həmçinin həmin ildə orta ixtisas təhsili müəssisələrini bitirib ali təhsil almaq istəyən məzunlar da qəbul imtahanlarını iyul ayında verəcəklər.
Həm əvvəlki illərin, həm də orta məktəblərin 2014-cü il məzunları ixtisas seçimini eyni vaxtda – ali təhsil müəssisələrinə bütün qəbul imtahanları başa çatdıqdan sonra edəcəklər.
 

Digər nəzərdə tutulan yenilik isə 9 illik təhsil bazası üzrə buraxılış imtahanlarının nəticələri ilə eyni zamanda orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) yerləşdirmənin aparılmasıdır. Yəni, bu imtahan 9-cu sinfi bitirən şagirdlərə şəhadətnamələrin verilməsi üçün əsas olmaqla yanaşı, həmin şagirdlər arasından kolleclərə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı rolu oynayacaq. Beləliklə, 2014-cü ildə 9 illik təhsil bazası üzrə kolleclərə həmin ilin məzunları üçün ayrıca qəbul imtahanı keçirilməyəcək.
Orta ixtisas təhsili müəssisələrinə 9 illik təhsil bazasında ayrıca imtahan yalnız əvvəlki illərin məzunları üçün həyata keçiriləcək.
2014-cü ildə buraxılış imtahanları yenə də ana dili və riyaziyyat fənlərindən olacaq. 2015-ci ildən isə şagirdlər ana dili və riyaziyyat fənləri ilə yanaşı, əlavə 3 fəndən də imtahan verəcəklər. Bu zaman şagirdlər imtahan verəcəkləri digər 3 fənni onlara təqdim olunacaq fənlər içərisindən özləri seçəcəklər.
Qeyd olunan məsələlərlə bağlı daha ətraflı məlumatlar nəzərdə tutulan yeniliklərə dair qərarlar müvafiq hüquqi qüvvəyə malik olduqda təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1185

Oxşar yazılar