Məscidlərdəki gecə ağlaşmalarına gedən uşaqlar - <span style="color:red;">Qorxu nədədi?
11 sentyabr 2019 15:42 (UTC +04:00)

Məscidlərdəki gecə ağlaşmalarına gedən uşaqlar - Qorxu nədədi?

Bu dəfə də Aşura mərasimlərində uşaqların olması əksəriyyətin qəzəbinə səbəb oldu.   Bəs bu qəbildən olan tədbirlərə uşaqların qatılması nə qədər doğrudur? Yas xarakterli tədbirlər onların psixologiyasına necə təsir edir? Lent.az-ın əməkdaşı bu suallara cavab tapmağa çalışdı.

 

Mövzu ilə bağlı Lent.az-a açıqlama verən Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimovun fikrincə bu barədə birmənalı danışmaq mümkün deyil:

 

“Keçirilənlər dini mərasimdir. Dövlətin qanunvericiliyinə görə, yetkinlik yaşına çatmayan şəxslərin dini mərasimlərdə iştirakı qadağandır. Matəm mərasimləri uşaqların psixologiyasına mənfi təsir göstərir.  Lakin qanunvericilikdən əsrlər əvvəl kütləvi şəkildə insanların beynində formalaşmış ideya və ənənələr var. Bu tədbirlərin keçirilməsi də adət-ənənənin ötürülməsidir. Din və vicdan azadlığı olan yerdə insanların öz dini ənənələrini gələcək nəslə ötürmək haqqı da var”.

 

Psixoloqun sözlərinə görə, qara rəngin çoxluğu və bəzən uşaqların zorla, maraqlarına zidd olaraq bu cür mərasimlərə aparılması doğru deyil: "Bu prosesin onlara necə təsir etməsi bir az da mühitdən asılıdır".

 

A.Kərimov bildirib ki, əgər uşaq bu günə qədər dünyəvi əhval-ruhiyyədə, qərbyönümlü ailədə böyüyübsə bu halda onun üçün yad olan bu cür mərasimlərə qatılması psixologiyasına mənfi təsir edə bilər: “Amma  əgər uşaq xüsusilə şiəlik məzhəbinə aid olan ailədə böyüyübsə, ardıcıl olaraq bu cür mərasimlərə aparılıbsa belə tədbirlər uşaq üçün yad deyil. Ailənin ənənəsi olaraq qəbul edəcək. Mənfi tərəfi odur ki, uşaqlar orda dinə aid olmayan başqa məqamlar öyrənə bilər. Həmin məclislərdə danışılan söhbətlər matəm yox, qəhrəmanlıq ənənəsi kimi, zalıma qarşı mübarizə kimi götürülsə başqa keyfiyyətlər aşılayacaq. Bunu da nəzərə almaq lazımdır. Digər tərəfdən bu mərasimlərin keçirilmə qaydasına, böyüklərin və kiçiklərin bölünməsinə, mərasimin təşkili və s. baxan uşaqlar həm də təşkilatçılıq xüsusiyyətlərini mənimsəyir. Uzun illər yas və toy mərasimləri el məclisi sayıldığı üçün uşaqlar ortada iş görür, deyilənə qulaq asır, böyüklərin tapşırıqlarını yerinə yetirir və bu zaman onlarda təşkilatçılığın ötütürlməsi də baş verir”.

 

Psixoloq vurğuladı ki, prosesin qarşısını qanunla qadağan etsək də həmin qanunun işləmə mexanizmi olmayacaq: “Mərasimə müdaxilə edib uşaqları ordan çıxara bilmərik. Bu zaman müəyyən bir kütlənin narazılığına səbəb ola və onların haqlarını pozmuş olarıq.

 

Maarifləndirici işlərin aparılması vacibdir. Matəmi həddən artıq faciəvi şəkildə yox, daha çox qəhrəmanlıq ənənəsi kimi ötürülməsinə cəhd etmək lazımdır. Onsuz da dində mövhumat xarakterli hərəkətlər qəbul edilmir. Üstəlik türk ənənəsində qəhrəmanlıq ənənəsi vay-şivənlə deyil, qəhrəmanlıq kimi , gələcəyə örnək, şəhidlik anlayışı kimi qəbul olunur. Kərbəlada az sayla çoxa, zalıma qarşı dayanmaq məsələsi önəmlidir.  Yaxşı olar ki, uşaqların bu cür məclislərdə hansı formada iştirakı məsələsi Təhsil Nazirliyi, din adamları, psixoloqlar və mütəxəssislər tərəfindən müzakirə edilsin və ortaq qərar verilsin”.       

 

“Heydər” Məscidinin imamı Hacı Rüfət Qarayev isə açıqlamasında bildirib ki, bu gün əvvəlki illərə baxanda Aşura mərasimləri çox fərqli şəkildə keçirilir:

“Əgər beş-on il bundan əvvəl belə mərasimlərdə baş yarılır, özlərini döyürdülərsə bu gün bu əməllərə rast gəlinmir. Bu kimi mənfi halların aradan qalxması ruhanilərin İslamı doğru şəkildə təbliğ etməsi, əhalini maarifləndirməsinin nəticəsidir. Bu kimi halların olmadığı zaman uşaqların məscidə getməsinin, tədbirlərə qatılmasının zərəri yoxdur. İslam dinində də bunun haram olduğunu görmürük. Dinimiz o amilləri haram edir ki, ondan insanların bədəninə və ruhuna, psixologiyasına ziyan gəlir. Zərər vurmursa,  bunun faydalı tərəfləri var.  Uşaqların bu cür məclislərdə “Quran”, dinləməsi, söhbətlərə qulaq asması, qurulan məclisləri müşahidə etməsi onların gələcəkdə mənfi hallardan uzaq olmasına səbəb olur. Tarixdən də görürük ki, Azərbaycanın bir sıra böyük alimləri, ruhaniləri hələ uşaqlıqdan böyüklərinin əllərindən tutub bu kimi məclislərdə olublar. Mən də balaca yaşlarımdan bu cür məclislərdə olmuşam və heç bir psixoloji travma yaşamamışam”.

 

R.Qarayev əlavə edib ki, bu gün uşaqların məscidə daxil olmasında heç bir qadağa yoxdur. Onun sözlərinə görə, məscidlərə gələn uşaqlar  çox balaca olmurlar, əsasən yeniyetmələr olur: “Yeniyetmələr söhbətləri dərk edirlər və söhbətdən sonra suallar verirlər. İmam Hüseynin kim olduğunu, hansı məqsədlə bu yolu getdiyini soruşurlar. Uşaqların millətinə bağlı, cəsur ruhda böyümələri üçün onlara imam Hüseynin getdiyi yol anlatılır, söhbət Qarabağ və Vətən uğrunda şəhidlik mövzusu ilə bağlanılır”.

 

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mətbuata açıqlamasında vətəndaşların məscidlərə uşaqlarla gəlməsi məsələsinə  münasibət bildirib. Mübariz Qurbanlı bildirib ki, İslam dininin qadağa qoyduğu hər hansı məsələ yoxdursa, dövlət də buna qarışmır: "Ona görə də vətəndaşlar məscidə uşaqlarla gəlirsə, bu onların öz seçimidir. Sadəcə olaraq biz tövsiyə edirik ki, vətəndaşlar məscidlərdəki gecə mərasimlərinə körpələri gətirərkən diqqətli olsunlar, yəni böyük uşaqları gətirə bilərlər, ancaq körpələrdə diqqətli olmalıdılar".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2292
avatar

Aygün İbrahimli

Oxşar yazılar